BaşlıcaSiyasət

Gürcüstan və Azərbaycan regional enerji təhlükəsizliyinin “tarixi” layihəsini müzakirə edirlər

“Novosti Georgia” yazır ki, regional enerji təhlükəsizliyi və enerji müstəqilliyinin təmin edilməsi məsələləri Gürcüstanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Levan Davitaşvili ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında Tbilisidə keçirilən görüşün əsas mövzusuna çevrilib.

“Nazirlər regionda yaradılmış mürəkkəb vəziyyəti müzakirə ediblər ki, bu da enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin vacibliyini daha aydın göstərir” – deyərək Gürcüstan İqtisadiyyat nazirliyinin mətbuat xidməti məlumatlandırıb.

Tərəflər elektrik enerjisi sənayesi sahəsində regional əməkdaşlığın gücləndirilməsini vurğuladılar. Bununla bağlı Gürcüstan və Avropanın enerji sistemlərini birləşdirməli olan layihəyə işarə etdilər.

Şahbazovun sözlərinə görə, Gürcüstan və Rumıniya ilə yanaşı, Azərbaycan və Macarıstanın da daxil olacağı layihə Avropaya nəql olunan mənbələri şaxələndirməklə yanaşı, Bakı və Tbilisinin enerji təhlükəsizliyi məsələsində birgə təşəbbüslərinin davamı olacaqdır.

O, həmçinin qeyd edib ki, təşəbbüsün uğuru Xəzər dənizinin Azərbaycan hissəsində külək enerjisinin “böyük potensialı” və AB və Dünya Bankının dəstəyi ilə təmin edilir.

Davitaşvili də öz növbəsində bu layihəni Gürcüstan üçün tarixi adlandırıb. O, Tbilisinin sualtı elektrik ötürücü xətti ətrafında yeni əməkdaşlıq formatı yaratmağa hazır olduğunu təsdiqləyib.

Görüşdə, həmçinin elektrik enerjisi ixracının və tranzitinin artırılması, o cümlədən Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı cari və planlaşdırılan tədbirlər müzakirə olunub.

Bərpa olunan enerji mənbələri sahəsində və bir sıra digər sahələrdə əməkdaşlıq çərçivəsində fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın əsas rolu enerji sahəsində əməkdaşlığa məxsusdur.

Daha çox göstər
Back to top button