Şiraz şəhərindəki Şah Çərəq məqbərəsində terror aktını Azərbaycan vətəndaşı təşkil edib.Bu haqda noyabrın 7-də İran İslam Respublikasının Kəşfiyyat nazirliyi məlumat yayıb.
“Ölkə daxilində terror qruplaşmasının əsas təşkilatçısı və əlaqələndiricisi Azərbaycan vətəndaşıdır və o, Tehrana çatan kimi dərhal Əfqanıstandakı İŞİD (“İslam Dövləti”) qruplaşmasının nümayəndələri ilə əlaqə saxlayıb və İranda olduğunu onlara bildirib.
Məsciddəki terror aktını təşkil edən qruplaşmanın tərkibində Əfqanıstan və Tacikistan vətəndaşları da olub” – deyə “Tasnim” agentliyi məlumat yayıb.
Kəşfiyyat nazirliyinin məlumatına görə, Şah Çərəq türbəsinə hücumun təşkilində şərik olmaqda şübhəli bilinən 26 nəfər həbs edilib. Onların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.
Oktyabrın 26-da İRNA agentliyi üç naməlum şəxsin Şirazda (Fars əyaləti) Şah Çeraq türbəsini atəşə tutmağa başladığını bildirib. Daha sonra hücum edənlərdən birinin yaralanaraq həbs olunduğu barədə məlumat daxil olub. O, xəstəxanaya aparılıb və orada ölüb. Son məlumatlara görə, 15 nəfər hücumun qurbanı olub, 27 nəfər yaralanıbdır.