BaşlıcaSiyasət

ABŞ Azərbaycanı və Laçın dəhlizinin təhlükəsizliyinə cavabdeh olanları sərbəst hərəkəti bərpa etməyə çağırır

Siyasi məsələlər üzrə xüsusi nümayəndə, səfir Robert Vud BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan məsələləri üzrə sessiyasında bildirib ki, Birləşmiş Ştatlar Laçın dəhlizinin istifadəsinə qarşı davam edən maneələrdən və bu vəziyyətin artan humanitar nəticələrindən dərin narahatdır.

“Laçın dəhlizindən istifadəyə maneələr sülh prosesini əngəlləyir. Onlar bu prosesə beynəlxalq etimadı sarsıdırlar və bunun potensial ağır humanitar nəticələri var”, – səfir bildirib.

“Biz Azərbaycan hökumətini və dəhlizin təhlükəsizliyinə cavabdeh olan digər şəxsləri humanitar və kommersiya məqsədləri də daxil olmaqla, sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq”, – o vurğulayıb.

Eyni zamanda, R.Vud qeyd edib ki, ABŞ Dağlıq Qarabağ əhalisinin qaz təchizatının bərpasını alqışlayır və “Dağlıq Qarabağın mülki əhalisi üçün lazımi xidmətlərin göstərilməsini dayandırmaq üçün istənilən cəhdin qəbuledilməz olduğunu” qeyd edib.

“Birləşmiş Ştatlar bütün tərəfləri təmkinli olmağa, sülh prosesinə xələl gətirən hərəkətləri dərhal dayandırmağa və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırmağa davam edəcək”, – deyə o bildirib.

“Ermənistan və Azərbaycan arasındakı narazılıqlar sülh danışıqları yolu ilə həll edilməlidir. Davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardır, beynəlxalq ictimaiyyət üzərinə düşəni etməli və davamlı sülhün bərqərar olması üçün diplomatik vasitəçilikdə iştirakını davam etdirməlidir”, – diplomat qeyd edib.

“Zaman göstərir ki, bu münaqişənin birtərəfli və ya hərbi yolla həlli ola bilməz. Hər iki tərəf diplomatik prosesə sadiq qalmalı və diplomatik kanallar vasitəsilə birbaşa rabitə xətlərini bərpa etməlidir. Bütün tərəflər diplomatik əlaqələri gücləndirməli və hərtərəfli, davamlı sülh sazişi vasitəsilə münasibətlərini normallaşdırmaq istiqamətində irəliləyiş əldə etməlidirlər”, – Robert Vud bildirib.

“Birləşmiş Ştatlar davamlı atəşkəsə və bu münaqişənin sülh yolu ilə həllinə sadiq qalır. Biz bu ümumi məqsədə doğru işləyərkən ikitərəfli, çoxtərəfli formatlarda fəal iştirak etməyə davam edirik”, – deyə səfir davam edib.

“Biz münaqişənin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun olaraq uzunmüddətli siyasi həllinə nail olmaq üçün Aİ və ATƏT kimi tərəfdaşlarla ikitərəfli, üçtərəfli və koordinasiyalı şəkildə Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləməyə hazırıq”.

Robert Vud Ermənistan və Azərbaycan arasında qalan bütün problemlərin danışıqlar yolu ilə, hərtərəfli həllinin vacibliyini bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button