BaşlıcaSiyasət

“Azərbaycan başqa xalqların mədəniyyətini mənimsəməyə çalışır” – Yerevanda belə halların qarşısının alınması məqsədilə seminar keçirilib

“Cənubi Qafqazda İran mədəni irsi” adlı seminarın iştirakçıları hesab edirlər ki, bu gün müxtəlif dövlətlər başqa dövlətlərin, xüsusən də yerli xalqların tarixini və mədəniyyətini mənimsəməyə çalışırlar.

Bunun qarşısını almaq üçün digər ölkələrin sivilizasiyasını tanımaq və öyrənmək lazımdır ki, bu səylər irsin sənədləşdirilməsinə, təhriflərin qarşısının alınmasına və mədəni irsin qorunub saxlanması ilə bağlı konsensusun əldə edilməsinə zəmin hazırlanmasına gətirib çıxara bilər.

Armenpress yazır ki, seminar dekabrın 22-də ER Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş tutub.

Şərqşünaslıq İnstitutunun direktoru Robert Qazaryan qeyd edib ki, bölgəmizin iki yerli xalqı, ermənilər və iranlılar və onların yaratdığı sivilizasiyalar arasında minlərlə bağlılıq var: “Bu gün bəzi dövlətlər və xalqlar digər, xüsusən də yerli xalqların mədəniyyətini mənimsəməyə çalışırlar. Azərbaycan Respublikası təkcə ermənilərin deyil, həm də digər yerli xalqların: gürcülərin, irandilli xalqların və Ağvankın varisləri hesab edilən digər Qafqaz xalqlarının mədəniyyətini mənimsəməyə və özəlləşdirməyə çalışır. Bununla həmin ölkə öz tarixini köhnəltməyə çalışır ki, bu da qəbuledilməzdir”.

Qazaryanın sözlərinə görə, dövlət səviyyəsində aparılan bu siyasətə birgə səylərlə qarşı çıxmaq lazımdır.

İran İslam Respublikasının (İİR) Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri də ermənilərlə iranlıların həm coğrafi, həm mədəni, həm də tarixi irs sahəsində ortaq cəhətlərə malik olduğunu vurğulayıb.

“Coğrafi baxımdan erməni mədəni-tarixi irsi hətta Ermənistanın siyasi sərhədlərindən kənara da yayılıb və İranın tarixi-mədəni irsi nümunələri də Uzaq Şərqdən Avropanın ürəyinə qədər əhatə edən böyük coğrafi ərazidə mövcuddur. Cənubi Qafqazda da həmin irsin çoxlu nümunələri var. Həmin İran irsinin bir hissəsi hələ də qorunub saxlanılır, lakin bir hissəsi müxtəlif səbəblərdən məhv edilib və ya təhrif edilib”, – səfir vurğulayıb.

Onun sözlərinə görə, uzun müddətdir ki, biz region xalqlarının tarixi faktlarını təhrif etmək, hətta mədəni irsi məhv etmək cəhdlərinin şahidi olmuşuq. Zohurinin sözlərinə görə, bölgə sakinlərinin həm maddi, həm də qeyri-maddi irsi hədəfə alınıb.

Daha çox göstər
Back to top button