Başlıcaİctimaiyyət

“Müdafiə xətti” Azərbaycanda insan hüquqlarının pisləşdiyini bildirir

Oktyabr-dekabr aylarında Azərbaycanda insan haqları ilə bağlı vəziyyət xeyli pisləşib, “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının hesabatında deyilir.

“Turan” agentliyinə əsasən, Azərbaycanda saxta ittihamlar əsasında siyasi motivli təqiblər artıb.

“Məhkəmələr, hüquq- mühafizə orqanları siyasi hakimiyyətin təsir  və təzyiqi altında fəaliyyət göstərib, müxalif fəallara qarşı sifarişli qərarlar çıxarıblar. Qanunverici orqan icra hakimiyyətinin davamı kimi diqqət cəlb edib”, – hesabatda qeyd olunur.

Azərbaycan Respublikası Konstitusiyasının III fəslində təsbit edilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları, xüsusilə, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli mühakimə, söz və fikir azadlıqları pozulub, qanunsuz cəzalandırmalar geniş vüsət alıb.

“Polis idarə və şöbələrində, cəzaçəkmə müəssiələrində, istintaq təcridxanalarında pis rəftarlar, işgəncə halları qeydə alınıb”, – sənəd müəllifləri qeyd edirlər.  

Ölkədə faktiki olaraq sərbəst toplaşmaq azadlığı qadağan edilib. Piket və mitinqlərə icazə verilmir, müxalifət dinc nümayişlər keçirəndə isə polis iştirakçılara qarşı qeyri-adekvat zorakılıq tətbiq edir.

Siyasi partiyaların fəaliyyəti yeni maneələrlə üzləşir.

“Parlamentin qəbul etdiyi “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minərsə, siyasi həyatda iştirak hüququ ciddi şəkildə məhdudlaşdırılacaq. Hökumət idarəetmədə sərtliyə üstünlük verir,  siyasi və hüquqi sahədə demokratik islahatlara hazır deyil”, – hesabatda vurğulanır. 

Daha çox göstər
Back to top button