Başlıcaİctimaiyyət

2022-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorundakı itkilərin sayı ötən illə müqayisədə artıb

2022-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkisi 145 hərbi qulluqçu olub. O cümlədən 87 nəfər döyüş şəraitində, 58 nəfər qeyri-döyüş şəraitində ölüb. “Turan” agentliyinə əsasən, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun  8 yanvar 2023-cü il tarixli hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ölənlərdən 105-i Müdafiə Nazirliyinin, 32-i Dövlət Sərhəd Xidmətinin, hər birindən bir nəfər olmaqla Daxili Qoşunlar və Fövqəladə Hallar Nazirliyinin, dördü Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, üçü prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.

Həmçinin qeyd olunur ki, 2022-ci ildə 304 hərbçi müxtəlif səbəblərdən yaralanıb və xəsarət alıb. 

İnstitut qeyd edir ki, 2021-ci illə müqayisədə itkilərin sayı artıb: o zaman 18 döyüş itkisi, 66 qeyri-döyüş itkisi olmuşdu.

Ümumilikdə, itkilərin hesablanmasına başlanıldığı vaxtdan,  2003-cü ildən Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 4419 hərbi qulluqçu itirib ki, bunun da 3753 nəfərə yaxını döyüş itkisidir. Bu müddətdə yaralanan əsgərlərin sayı 13 mindən çoxdur.

Daha çox göstər
Back to top button