BaşlıcaTəhlil

“Human Rights Watch”: Ötən ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti yaxşılaşmayıb

Azərbaycanda insan hüquqlarının vəziyyəti 2022-ci ildə yaxşılaşmayıb. Bu barədə “Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 12-də açıqladığı illik hesabatında bildirir.

“Mayda hakimiyyət siyasi motivli və saxta ittihamlarla saxlanmış 20-dən çox şəxsi azad etsə də, azı 30 belə şəxs həbsdə qalır. Hakimiyyət tənqidçilərini və digər narazı səsləri hədəfə almaqdadır”, deyə hesabatda qeyd edilir.

Hesabatda deyilir ki, məhdudlaşdırıcı qanunlarla qeyri-hökumət təşkilatlarının (QHT-lər) müstəqil fəaliyyətinə maneələr davam edir. Digər davamlı insan haqları pozuntuları sırasına sistematik işgəncə, saxlanma zamanı pis rəftar iddiaları, media azadlıqlarına məhdudiyyətlər daxildir.

Bundan əlavə, “Human Rights Watch” (HRW) hesabatında 2022-ci ilin iyulunda, Rusiya – Ukrayna qarşıdurmasının yaratdığı enerji böhranı fonunda Avropa İttifaqının (Aİ) Azərbaycanla enerji sazişi imzalamasını xatırladıb.

“Məqsəd ölkənin Avropaya qaz ixracını artırmaq idi. Aİ geniş ikitərəfli razılaşma üzrə danışıqlardan insan haqlarının yaxşılaşdırılmasına təminat almaq üçün yararlanmadı”, deyə hesabatda qeyd edilir.

HRW hesabatında ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalardan da yazıb. Təşkilat qeyd edir ki, həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni hərbçi Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub.

“Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır”, deyə hesabatda bildirilir.

Daha çox göstər
Back to top button