Başlıcaİctimaiyyət

AŞPA həmməruzəçiləri Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıblar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreyncer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilmiş vətəndaş fəalı Bəxtiyar Hacıyevin həbsindən narahat olduqlarını bildiriblər.

“Çoxları hesab edir ki, cənab Hacıyevin davam edən həbsi onun aktiv ictimai fəaliyyətilə bağlıdır”,- Avropa Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Həbsin alternativ qətimkan tədbirlərilə əvəz olunmasından dəfələrlə imtina etmək ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasibdir. Üstəlik, onun səhhəti son dərəcə narahatlıq doğurur”, – Avropa Şurası Parlament Assambleyasının nümayəndələri qeyd edirlər.

Onlar təəssüflə bildirirlər ki, Hacıyevin işi “qanunçuluq prinsipinə zidd olaraq və cinayət qanunlarından sui-istifadə yolu ilə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbsinin narahatlıq doğuran praktikasını nümayiş etdirir”.

“Biz Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi dərhal azad etməyə və onun müvafiq tibbi yardım almaq imkanlarını təmin etməyə çağırırıq”, – Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin bəyanatında deyilir.

Daha çox göstər
Back to top button