BaşlıcaSiyasət

ER Baş naziri Nikol Paşinyan Qarabağ hərəkatının 35-ci ildönümü ilə bağlı mesaj göndərib

ER Baş naziri Nikol Paşinyan Qarabağ hərəkatının 35-ci ildönümü ilə bağlı mesaj göndərib. Mesajda deyilir:

“35 il əvvəl bu günlərdə Qarabağ hərəkatı başladı. 1988-ci il fevralın 20-də başlayan kortəbii və kütləvi etiraz nümayişləri Ermənistan tarixində milli oyanış, birlik və azadlıq mübarizəsinin simvolu kimi qalacaq.

Bu hərəkat dövlətçiliyimizin bərpası yolunda atılan ilk addım idi ki, bununla da biz azad və müstəqil yaşamaq, taleyimizi qurmaq, gələcəyimizi idarə etmək əzmini bərpa etdik.

Qarabağ hərəkatı Artsax xalqının öz hüquqlarını müdafiə etmək və öz torpaqlarında layiqli həyat sürmək hüququnu və iradəsini ifadə etmək üçün idi.

35 ildən sonra da Dağlıq Qarabağ erməniləri ciddi təhdidlərlə üz-üzədir. Bu gün də mühasirədə olan soydaşlarımız öz hüquqlarını və təhlükəsizliyini qorumaq üçün öz iradələrini ifadə etməyə məcburdurlar. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanın bu hərəkətlərinin bir məqsədi var və bu məqsəd Dağlıq Qarabağ xalqının öz vətənində yaşamaq iradəsini qırmaqdır, amma əminəm ki, bu, qırılmaz və sarsılmazdır.

Əziz həmvətənlər,

Biz beynəlxalq diqqəti Dağlıq Qarabağdakı humanitar böhrana yönəltmək üçün səylərimizi artırmaqda davam edirik, çünki yalnız beynəlxalq ictimaiyyətin fəaliyyəti Azərbaycanın aqressivliyini və təxribatçı hərəkətlərini cilovlaya, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirə və Laçın dəhlizinin blokadasını dayandıra bilər.

Eyni zamanda, biz Artsax ermənilərinin sosial-iqtisadi problemlərinin həlli, təhlükəsizlik çağırışlarının aradan qaldırılması, Artsax ermənilərinin hüquq və təhlükəsizliyinin qorunması mexanizmlərinin formalaşdırılması istiqamətində ardıcıl addımlarımızı davam etdirəcəyik. Bu məqsədlərin həyata keçirilməsi fasiləsiz çalışma tələb edir və biz bu işdə sarsılmaz olmalıyıq.

Hörmətli Artsaxlılar,

Vətəndə dinc və təhlükəsiz yaşamaq naminə möhkəm və sarsılmaz olun. Yeni qlobal və regional çağırışlarla üzləşərək biz səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Ümumiyyətlə, dinc, ləyaqətli və təhlükəsiz həyat Qarabağ hərəkatının əsas məqsədi idi və biz bu məqsədə doğru irəliləməliyik”.

Daha çox göstər
Back to top button