BaşlıcaSiyasət

Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik: Paşinyan

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında demarkasiya işlərinin kartoqrafik əsasları dəqiqləşdirilməlidir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

Baş nazir məlumat verib ki, Brüsseldə keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələlərdən biri Ermənistan və Azərbaycan tərəfindən müvafiq olaraq 29,8 min və 86,6 min kvadrat kilometr ərazi bütövlüyünün bir daha təsdiqlənməsi olub.

“Sərhədin delimitasiyası 1991-ci il Almatı bəyannaməsi əsasında aparılmalıdır. Biz isə yaxın gələcəkdə demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”, – deyə baş nazir bildirib.

Regional kommunikasiyaların açılması, Avropa Şurası prezidentinin bəyanatında deyildiyi kimi, suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi prinsipi əsasında baş tutmalıdır.

“Humanitar məsələlərə gəlincə, Azərbaycan bu mövzuda beynəlxalq tərəfdaşlarına verdiyi vədləri pozmaqda davam edir. Amma biz əsirlərin qaytarılması və itkin düşənlərin taleyinin öyrənilməsi istiqamətində işi yorulmadan davam etdirməliyik”, – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, Brüsseldəki üçtərəfli görüşdən çox konkret nəticələr təqdim edə bilməz, buna baxmayaraq, danışıqlar prosesi mümkün qədər intensiv davam etməli, qarşılıqlı məqbul həll yollarının tapılması üçün fəal səylər göstərilməlidir.

Daha çox göstər
Back to top button