Rusiyanın energetika naziri Nikolay Şulqinov bəyan edib ki, Kreml mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır.Bu haqda Praym agentliyi yazır.
“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin, digər ölkələrə də çatdırılması imkanlarına baxırıq.
Birinci mərhələdə biz Tehran və Bakı ilə yeni tikinti olmadan mövcud infrastrukturdan istifadə etmək barədə razılığa gəlirik ” – deyə Şulginov qeyd edib.
O, əlavə edib ki, danışıqların bütün tərəfləri bu layihədə maraqlıdır.
Bundan əvvəl Rusiyanın Energetika naziri və Qazaxıstanın Energetika nazirliyinin rəhbəri Almasadam Satkaliev 2033-cü ilin sonunadək neft tranzitinin həcminin ildə 10 milyon tona çatdırılması haqqında saziş imzalayıblar.
Tərəflər həmçinin elektrik enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər. Moskva enerji obyektlərinin tikintisi və modernləşdirilməsi, avadanlıqların istehsalı və təchizatı sahələrində birgə layihələr həyata keçirməyə hazırdır.