
Ermənistan Dağlıq Qarabağın əhalisinin boşaldılması siyasəti aparmır, Dağlıq Qarabağ erməniləri öz vətənlərində, öz evlərində ləyaqətli və təhlükəsiz şəraitdə yaşamalıdırlar, lakin Ermənistan məcburi köçkünləri qəbul etməyə hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda deyib.
Baş nazir xatırladıb ki, Ermənistan uzun müddətdir ki, Azərbaycanı Dağlıq Qarabağda etnik təmizləmə aparmaq cəhdində ittiham edir.
“Respublikada 40 minə yaxın ailənin yerləşdirilməsi üçün hazırlıq işləri görülüb. Lakin biz hesab edirik ki, Dağlıq Qarabağ erməniləri öz evlərində, öz vətənlərində, ləyaqətli və təhlükəsiz şəraitdə yaşamalıdırlar. Bu gün, indiki məqamda bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Dağlıq Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur”, – Paşinyan bildirib.
O əlavə edib ki, Rusiya sülhməramlı qoşunlarının qərargahında onların himayəsində olan 1200-1300 vətəndaş və uşaq var. Baş nazir əmin edib ki, Ermənistan hökuməti mümkün tədbirlər görməyə hazırdır, problem Laçın dəhlizinin bağlı olmasındadır.
Baş nazir bildirib ki, ötən gün Stepanakert hava limanına 10 mindən çox insanın dəvət edildiyi barədə də məlumat var. “Onlara dedilər ki, gəlin, çünki Ermənistana köçməyiniz mümkündür, onları lentə alıb, videoya çəkiblər, sonra dedilər ki, Ermənistan Respublikası buna icazə vermir. Mənə aydındır ki, bu, Ermənistanda daxili siyasi xaos yaratmaq üçün edilir”, – Paşinyan qeyd edib.
“ER Dağlıq Qarabağda əhalinin boşaldılması siyasəti aparmır, Azərbaycan bu siyasəti aparır. Azərbaycan Ermənistanın əli ilə Dağlıq Qarabağda etnik təmizləmə siyasətini həyata keçirmək istəyir və bu durumda emosional olmamalıyıq”, – Baş nazir vurğulayıb.