BaşlıcaSiyasət

Baydenin Paşinyana məktubu:  “ABŞ son zorakılıqdan irəli gələn humanitar ehtiyacları həll etmək üçün hökumətinizlə işləməyə sadiqdir”

ABŞ Beynəlxalq İnkişaf agentliyinin rəhbəri Samanta Pauer ABŞ Prezidenti Co Baydenin məktubunu Baş nazir Nikol Paşinyana yetirib.

ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, məktubda deyilir:

   “Zati-aliləri

Nikol Paşinyan

Ermənistan Respublikasının Baş naziri

Yerevan

Hörmətli cənab Baş nazir,

Müstəqillik Günü münasibətilə Sizə və Ermənistan xalqına ən xoş arzularımı yetirirəm. Bu il biz bu möhtəşəm hadisəni qeyd edərkən Dağlıq Qarabağdakı etnik ermənilərin ölümünə də yas tuturuq.

Nazirlər Kabinetimin ən mühüm üzvlərindən biri olan Samanta Pauerdən xahiş etdim ki, Sizin suverenliyinizi, müstəqilliyinizi və ərazi bütövlüyünü, demokratiyanı  təmin edən ləyaqətli və davamlı regional sülhə nail olmaq naminə Ermənistanın səyinə Birləşmiş Ştatların və administrasiyamın güclü dəstəyini şəxsən Sizə çatdırsın.

Ermənistan Azərbaycanla sülh danışıqlarında iştirak etməklə, həmçinin mühüm iqtisadi islahatlar həyata keçirməklə, hökumətin hesabatlılığını təkmilləşdirməklə və demokratik təsisatları gücləndirməklə bu məqsədə sadiqliyini nümayiş etdirib.

 Sizi əmin edirəm ki, Birləşmiş Ştatlar ölkədə demokratiyanın möhkəmləndirilməsi və qonşuluğunuzda sabitliyin bərqərar olması səylərində Ermənistanı dəstəkləməkdə davam edəcək.

Birləşmiş Ştatlar son zorakılıq nəticəsində yaranan humanitar ehtiyacları həll etmək üçün hökumətinizlə işləməyə sadiqdir və xanım Pauer bunu sizinlə ətraflı şəkildə müzakirə edəcək.

Biz, həmçinin, son hərbi təlimlərimizin nümayiş etdirdiyi kimi, enerjinin şaxələndirilməsi, dayanıqlılıq və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik.

Ermənistanın zəngin tarixi hər yerdə xalqları və insanları azadlıq və ədalət uğrunda mübarizəyə ruhlandırıb.

Amerika erməni icması isə mənim ölkəmdə güc mənbəyi olmaqda davam edir.

Ümid edirəm ki, gələn ildə də dövlətlərimiz və xalqlarımız arasında əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir”.

Daha çox göstər
Back to top button