
Hazırda Azərbaycanın 19 və 20 sentyabr hərbi əməliyyatları və bir neçə ay davam edən Laçın dəhlizinin blokadasından sonra Qarabağ erməniləri kütləvi şəkildə tərk edirlər. İnsanlar evlərini tərk edərək Ermənistana sığınırlar. Bu barədə AB-nin Xarici siyasət üzrə xidmətinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Təcili olaraq Qarabağda hələ də ehtiyacı olanlara, eləcə də gedənlərə daimi və maneəsiz humanitar yardım göstərmək lazımdır.
Avropa Birliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaralıların və xəstələrin təcili təxliyəsi, habelə yerlərdə təcili yardımın göstərilməsi işini dəstəkləyir.
Avropa Komissiyası Qarabağdan didərgin düşərək Ermənistana gedən insanlara və Qarabağ daxilində həssas vəziyyətdə olanlara yardım göstərmək üçün 5 milyon avro məbləğində əlavə humanitar yardım paketi təqdim etdiyini elan edib. AB və ona üzv ölkələr əlavə humanitar yardım göstərməyə hazırdır.
Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən onların evlərində qorxu və ayrı-seçkilik olmadan ləyaqətlə yaşamaq hüququnu, habelə köçkünlərin geri qayıtmaq hüququnu təmin etmək üçün məsuliyyət daşıyır.
BMT missiyasının yaxın günlərdə əraziyə daxil olmaq hüququna malik olması vacibdir.
Avropa Birliyi Azərbaycan hakimiyyətinin elan etdiyi xüsusi portal vasitəsilə Ermənistan sakinlərinin qeydiyyatı prosesini nəzərə alıb. AB yerlərdə hadisələrin inkişafını yaxından izləməyə davam edəcək” – deyərək məlumatda bildirilir