BaşlıcaSiyasət

İran XİN Ermənistan Təhlükəsizlik Şurası katibinin səfərini şərh edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri İslam Respublikası üçün Qafqaz regionunda münaqişələrin regional potensial vasitəsilə həllinə öz nöqteyi-nəzərini ifadə etmək üçün fürsət oldu. İRNA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.

Onun sözlərinə görə, səfər iki qonşu ölkə arasında ikitərəfli münasibətlərə və Qafqaz regionunda baş verən hadisələrə nəzər salmaq məqsədilə danışıqların və təmasların davam etdirilməsi çərçivəsində baş tutub.

Onun sözlərinə görə, İran Qafqazdakı vəziyyətə böyük önəm verir və Ermənistan rəsmisinin İrana səfəri bu məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib. O, Tehranın Bakı ilə Yerevan arasında münaqişələrin dayandırılmasını alqışladığını qeyd edərək, İranın beynəlxalq və geosiyasi sərhədlərdə istənilən dəyişikliyə qarşı olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahyanın “Zəngəzur dəhlizi” ilə bağlı son açıqlamalarına gəlincə, o, bildirib ki, İslam Respublikası regionun bütün ölkələrinin xeyrinə olacaq nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, lakin beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilələrə qarşıdır.

“İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz öz mövqeyimizi dəfələrlə bildirmişik. Hesab edirik ki, bütün tərəflərin məsuliyyətli səyləri mübahisələri danışıqlar yolu ilə siyasi və sülh yolu ilə həll etməlidir”, – o qeyd edib və əlavə edib ki, İran Qafqazdakı problemlərin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır, səfərin dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq. O, həmçinin planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlərlə bağlı ikitərəfli müzakirələrin aparıldığını deyib və qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Qafqaz regionunda baş verən proseslər bunlar arasında əsas yer tutur.

Daha çox göstər
Back to top button