
Dağlıq Qarabağ erməniləri öz evlərini könüllü tərk etməyiblər, bu, məcburi köç idi. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Bunu Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə mətbuat konfransında qeyd edib.
“Bunu bir daha elan etməyə ehtiyac duyuram, çünki biz insanların könüllü olaraq evlərini tərk etdikləri barədə bəyanatlar eşidirik. Belə deyil”, – deyə o bildirib.
Fransanın xarici işlər naziri bu fakta aydın qiymət verilməsinin vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu yalan heç kimi çaşdırmayacaq.
“Bu dəhşətli humanitar fəlakət şəraitində Fransa Ermənistana 12,5 milyon avro yardım ayırıb ki, bu da məcburi köçkünlər üçün layiqli şəraitin təmin edilməsinə yönəlib. Söz verirəm ki, bu yardım davamlı olacaq və ehtiyac yaranarsa, yenidən veriləcək”.