
Ermənistanda iqtisadi aktivlik və artım templəri yüksək olmaqda davam edir.
“Armenpress”in məlumatına görə, bunu ER-nin maliyyə naziri Vahe Hovhannisyan Parlamentin növbəti iclasında “Ermənistan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2023-cü ilin birinci yarısında da ikirəqəmli iqtisadi artım qorunub, yanvar-sentyabrın yekunlarına əsasən iqtisadi fəallıqda 9,7 faiz artım qeydə alınıb.
Bu şərtlər daxilində 2023-cü il üçün iqtisadi artım hökumətin hədəflədiyi 7 faiz çərçivəsində proqnozlaşdırılır. Mövcud tendensiyalar qorunub saxlanılarsa, daha çox ola bilər.
“2024-cü ildə biz 7 faiz iqtisadi artımı və vergi-ÜDM nisbətinin təxminən 0,75 faiz bəndi yaxşılaşdırılmasını təmin etməyi qarşıya məqsəd qoyuruq ki, bunun nəticəsində vergi daxilolmaları 2 trilyon 566 milyard dram təşkil edəcək ki, bu da 2023-cü ilin dəqiqləşdirilmiş büdcəsinin vergi gəlirlərindən 342 milyard dram və ya 15,4 faiz çoxdur”, – deyə Hovhannisyan bildirib.
Nazir qeyd edib ki, iqtisadi artımın əhəmiyyətli hissəsini xidmət sektoru təmin etsə də, tikinti sektorunda da yüksək artım qeydə alınıb.
Nazirin sözlərinə görə, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş verib, Ermənistan Respublikasının iqtisadi potensialı yüksəlib.
“Xüsusən də ixrac imkanları əhəmiyyətli dərəcədə artıb, informasiya texnologiyaları sahəsində kifayət qədər təsir edici inkişaflar var”, – Hovhannisyan vurğulayıb.