BaşlıcaSiyasətTəhlil

Əliyev niyə növbədənkənar seçkilərə gedir?

Azərbaycan prezidenti növbədənkənar seçkilərin 2024-cü ilin fevralında keçirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda seçkilər 2025-ci ildə gözlənilirdi. Əliyev seçkiləri niyə bir il qabaqlayır, hansı problemi həll etməyə çalışır, bu qərarın arxasında hansı daxili və ya xarici səbəblər dayanır? Mütəxəssislərin hələlik bu suallara dəqiq cavabı yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev ikinci dəfə növbədənkənar seçkilərə gedir. O, bu addımı ilk dəfə 2018-ci ildə atıb. Ekspertlər düşünür ki, Əliyev müəyyən ssenari ilə növbədənkənar seçkilərə gedir və bu dəfə prezident seçkilərini bir il irəli çəkir. Mütəxəssislər üçün Əliyevin bu qərarının arxasında konkret hansı motivlərin dayandığına birmənalı qiymət vermək çətindir.

Politoloq Edqar Vardanyan: “Hər hansı şərh vermək çətindir, çünki qərar çoxları üçün gözlənilməz oldu. Prosesləri təhlil edib anlamaq lazımdır. Amma güman etmək olar ki, bu, son hadisələrlə bağlı idi. Yəni, son vaxtlar gedən proseslər, danışıqlar prosesi ilə bağlı, ümumən geosiyasi vəziyyətlə bağlı proseslərlə bağlıdır”.

Mütəxəssislər həm xarici, həm də daxili səbəbləri qeyd edirlər. Növbədənkənar prezident seçkilərinin səbəblərinin birbaşa Ermənistanla bağlı olduğunu istisna etmirlər, baxmayaraq ki, əksinin mümkünlüyünü də görürlər.

Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyan Əliyevin qərarını gözlənilməz adlandırır. “Ümid edirəm ki, bu proses Azərbaycan tərəfinin danışıqlarda iştirak etməməsi üçün növbəti bəhanə olmayacaq. Bunun hansı daxili siyasi səbəbləri var, cavab verə bilmərəm, mənim üçün də gözlənilməz xəbər oldu”.

Əliyev daxili siyasi məsələləri həll etməyə çalışır, yoxsa sülh müqaviləsinin imzalanmasını gecikdirmək istəyir? Xandanyanın fikrincə, hər iki səbəb legitim ola bilər, lakin əsl səbəbin nə olduğunu anlamaq üçün bir az gözləmək lazımdır.

Ekspertlər həmçinin hesab edir ki, Ermənistan üçün Əliyevin müxtəlif nöqteyi-nəzərdən və müxtəlif ssenari modelləri ilə erkən seçkilərə getməsinin mümkün motivlərini öyrənmək və anlamaq vacibdir.

Hərbi və siyasi məsələlər üzrə ekspert Armine Margaryan: “Azərbaycanın bu addımı, məncə, onu göstərir ki, onlar özlərini beynəlxalq ictimaiyyətə təqdim etdikləri və uğur qazandıqları tezislərin artıq etibarlı olmadığını yaxşı bilirlər”.

Livanda nəşr olunan gündəlik “Azdak” qəzetinin baş redaktoru, politoloq Şahen Qandaharyan Əliyevin qərarını ABŞ dövlət katibinin müavini O`Brayenlə görüşdən sonra qəbul etməsini təsadüf hesab etmir.

“Məncə, burada iki istiqamət var. Birincisi, regionda, Cənubi Qafqazda kollektiv Qərb təzyiqlərinin aktivləşməsi. Həmçinin Bakıya qarşı rejimin maraqlarına uyğun olmayan təzyiqlər. İkincisini isə çox qısa ifadə etsək, Azərbaycanın ümumi cəmiyyətdaxili vəziyyəti, ab-havası və dalğanın yüksəldilməsi istisna deyil”.

O, qeyd edir ki, təyin olunmuş müddət kifayət qədər qısadır və bu, bir növ tələskənlikdən xəbər verir, çünki anti-Əliyev əhval-ruhiyyəsi dalğası kəskin şəkildə yüksələ bilər.

Politoloq Edqar Vardanyan da hesab edir ki, Əliyev növbədənkənar seçkilərə xarici və daxili səbəblərdən gedir. Onun sözlərinə görə, Bakı Qərbin təzyiqlərindən əziyyət çəkir. Vardanyanın fikrincə, bu addımı Rusiyanı razı salmaq cəhdi kimi qiymətləndirmək də olar.

Daha çox göstər
Back to top button