BaşlıcaSiyasət

Azərbaycanda seçkilər gerçək yarış və siyasi rəqabət olmadan keçdi

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Meydan TV ilə söhbətdə 23 günün seçki təbliğat kampaniyası və ondan əvvəl namizədlərin qeydə alınması, ATƏT-in aralıq Hesabatı, ümumən seçki prosesindən danışdı.

2024-cü ilin 7 fevral növbədənkənar prezident seçkisini 2008 və 2018-ci illərdəki seçkilərlə müqayisə etdikdə, o qeyd edib ki, hər üç seçkini birləşdirən ümumi cəhət siyasi alternativsizlikdir.

“Yəni bir-birinə qarşı dayanan siyasi qüvvələr arasında siyasi rəqabət mühiti yaşanmır. Hazırkı seçkidə də biz ciddi və gerçək rəqabətin şahidi deyilik. Prezidentliyə namizədlər faktiki olaraq İlham Əliyevlə yarışmırlar. Mən deyərdim ki, onlar daha çox özləri ilə yarışırlar.

Seçkidə iştirak ən çox vacib şərtləndirən amillərdən biri prosesə çoxlu sayda siyasi qüvvələrin qatılmasıdır. Seçki prosesini seçici üçün maraqlı, cazibədar etmək istəyiriksə, çoxlu sayda iştirakçı olmalıdır. Nə media, nə vətəndaş cəmiyyəti seçkini seçicilər üçün maraqlı edə bilər. Siz jurnalistlər prosesdən reportaj yazırsınız, ortada oyunçular olmasa, yarışdan necə reportaj hazırlaya bilərsiniz? Elə hesab edin ki, seçki futbol yarışıdır, meydanda komandalar və reportaj hazırlayan jurnalistlər, seyrçilər var. Biri var zəif, sönük keçən oyun, biri də var çox cazibədar, maraqlı, dinamik, həyacanverici matç. Nəticə də bəlli deyil, 90 dəqiqədə hansı komandanın qalib gələcəyini bilmirik. Azərbaycanda bu baş vermir, əksinə, tək qapıya oynanan futbol yarışıdır”,-o dedi.

Daha çox göstər
Back to top button