BaşlıcaSiyasət

Konqresmen Rouzer Dövlət Departamentini Qubad İbadoğlunun azad edilməsinə nail olmağa çağırıb

ABŞ konqresmeni, Şimali Karolinadan respublikaçı Devid Rouzer həmkarları adından Konqres rəhbərliyinə müraciət edərək Dövlət Departamentini Qubad İbadoğlunun Azərbaycan həbsxanasından qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırıb.

O xatırladıb ki, 2023-cü ilin iyulunda Azərbaycana səfəri zamanı İbadoğlu və onun xanımı polisin amansız hücumuna məruz qalıb, alim siyasi motivli və əsassız ittihamlarla həbs edilib.

“Bu günə qədər onu həbsdə saxlamağa davam edirlər, vəkillə görüş və həyati əhəmiyyətli dərmanların çatdırılması imkanlarından məhrum edirlər. Bu sui-istifadə qanunsuzdur və həyat üçün təhlükəlidir”, – konqresmen bildirib.

“Hazırda doktor İbadoğlunun yaşadığı şey insan hüquqlarına hörmət edilməyən və adamların əsassız ittihamlarla həbs olunduğu ölkələrdə nələrin baş verə biləcəyinə xatırlatmadır”, – o deyib.

Roserin çıxışı ABŞ dövlət katibi Entoni Blinkenin Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən bir neçə saat əvvəl səslənib.

Dövlət Departamentinin məlumatına görə, görüşdə Blinken “Azərbaycanın insan hüquqları ilə bağlı öz beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb”.

Daha çox göstər
Back to top button