BaşlıcaSiyasət

Ekspertlər Azərbaycanda hökumətyönlü KİV-də xeyli qanun pozuntuları aşkar ediblər

Ələsgər Məmmədlinin rəhbərliyilə media ekspertlərindən ibarət qrup Azərbaycanda dövlət maliyyə yardımı alan medianın monitorinqini aparıb.

4 ay ərzində (15 iyul-15 noyabr 2023-cü il) 16 KİV-in qanunvericiliyin və peşə etikasının tələblərinə əməl etməsinin monitorinqi aparılıb. Bundan əlavə, KİV-ə dəstək üçün ayrılan büdcə vəsaitlərindən istifadənin səmərəliliyi yoxlanılıb.

Monitorinqin nəticələri martın 6-da jurnalistlərin, media ekspertlərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə onlayn konfransda təqdim edilib.

Monitorinq üçün Medianın İnkişafı Agentliyindən maliyyə yardımı alan media seçilib. Bunlar 17 gündəlik və həftəlik qəzet, 39 onlayn resursdur.

Həmin 56 mediadan 16-ı İnternetdə sayğacların müəyyən etdiyi auditoriya sayına görə seçilib. Beləliklə, 5 gündəlik qəzet, 5 həftəlik qəzet və 6 onlayn media seçilib.

4 ay ərzində 182 267 məlumat araşdırılıb. Onlardan 9 863-də yayılması qanunla qadağan edilmiş bilgilərə yol verilib. 4518-i (45,81 faiz) onlayn medianın, 3279 – u (33,25 faiz) gündəlik qəzetlərin, 2066 – ı (20,95 faiz) həftəlik medianın payına düşüb.

Pozuntuların xarakteri üzrə ən çox “şəxsi həyatın gizliliyi”nə müdaxilələr aşkar edilib. Bu cür pozuntular 4 224 olub və ya ümumi pozuntuların 43, 38 faizini təşkil edib.

3248 (33,35 faiz) pozuntu “yetkinlik yaşına çatmayanların və zərərçəkənlərin şəxsiyyətinin gizliliyinin qorunması” meyarına aid olub.

“Təqsirsizlik prezumpsiyası”nın pozulması 1364 halda (14,01 faiz) baş verib.

“Stereotiplər və nifrət nitqi” meyarı üzrə pozuntular 561 (5,76 faiz) olub.

Qərəzsizlik və obyektivlik prinsipinin pozulmasına gəlincə, 341 belə fakt ortaya çıxıb.

Rəsmi məlumatlarda pozuntuların olmamasına baxmayaraq, media orqanları özləri  məlumatları “cəlbedici” etməyə çalışaraq tez-tez xəbər başlıqlarında pozuntulara yol verirlər.

Beləliklə, 4 ay ərzində Medianın İnkişafı Agentliyindən yardım alan 16 ən reytinqli mediada 10 minə yaxın pozuntu aşkarlanıb. Monitorinqin nəticələri sual verməyə şərait yaradır: medianı dəstəkləmək üçün büdcə vəsaitlərindən nə dərəcədə səmərəli istifadə olunur və onlar düzgün ünvan sahiblərinə çatdırılırmı?

Monitorinq həmçinin Medianın İnkişafı Agentliyinin onlayn və çap KİV üçün nəşrlərin sayına məhdudiyyət qoymasının əsassız olduğunu müəyyən edib. Belə ki, onlayn media tələbləri yerinə yetirmək üçün ayda 400 məlumat dərc etməlidir. Lakin onlayn nəşrlər bu rəqəmi toplamaq üçün nə gəldi dərc edir və ictimai əhəmiyyəti nəzərə almır.

Eyni zamanda, məlumatların 80 faizi  nəşrlərin özlərinə aid olmur, digər mənbələrdən alınır və “özününküləşdirilir”.

Araşdırma müəllifləri nəşrlərin sayı üçün həftəlik və aylıq normaların ləğv edilməsini zəruri hesab edirlər ki, mediada yalnız cəmiyyət üçün aktual materiallar dərc olunsun.

Daha çox göstər
Back to top button