Başlıcaİctimaiyyət

Azərbaycanda insan hüquqlarının vəziyyətini və dövlət qurumlarında korrupsiyanı işıqlandıran media beynəlxalq mükafata layiq görülüb

Ötən ilin noyabrından bəri 6 jurnalisti həbs edilən və redaksiyası qapadılan Abzas Media xəbər saytı martın 19-da Çexiyada “People in Need” təşkilatının “Homo Homini” insan hüquqları mükafatına layiq görülüb.

“People in Need bu mükafatla avtoritar Azərbaycan rejimində korrupsiyanın aşkarlanması istiqamətində Abzas Media jurnalistlərin fəaliyyətini qiymətləndirir”, “People in Need” təşkilatının nümayəndəsi Nadiia İvanova qeyd edib.

Praqada baş tutan mərasimdə mükafatı Abzas Medianın müvəqqəti baş redaktoru Leyla Mustafayeva qəbul edib.

Mustafayeva çıxışı zamanı qeyd edib ki, əsas diqqəti yüksək səviyyəli korrupsiya araşdırmalarına yönəldən Abzas Media vəzifə səlahiyyətlərindən sui-istifadəni, dövlət satınalmalarında qanunsuzluqları ifşa etməkdən və məzlum insanlara səs verməkdən başqa bir iş görməyib.

“Hakimiyyət bu günə qədər jurnalistlərin araşdırdığı və dərc etdiyi işlərlə bağlı bir dənə də olsun cinayət araşdırması başlatmayıb. Əvəzində Azərbaycan hüquq-mühafizə orqanları saxlanılan jurnalistləri pul qaçaqmalçılığında ittiham edir. Bu, faktiki olaraq hakimiyyətin maliyyə cinayətlərini jurnalistlərin üzərinə yıxmaq üçün nəzərdə tutulmuş yeni strategiyadır”, Leyla Mustafayeva vurğulayıb.

Azərbaycanda insan haqlarının durumu və jurnalistlərə təzyiqlərdən, korrupsiya və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin Avropa ölkələrinə daşınması ilə bağlı danışan Leyla Mustafayeva, Çexiya hökumətini azərbaycanlı məmurların Çexiyada yerləşən əmlaklarına həbs qoymağa çağırıb.

“Homo Homini” mükafatı Çexiyanın “People in Need” təşkilatı tərəfindən hər il insan hüquqlarını, demokratiyanı və siyasi münaqişələrin qeyri-zorakı həllini təşviq edən fərdlərə və ya qruplara verilir.

Daha çox göstər
Back to top button