BaşlıcaSiyasət

Layihə parlament tərəfindən qəbul edilib:  “Ermənistanda avqustun 3-ü Yezidi soyqırımı qurbanlarının Anım günüdür”

Ermənistan parlamenti ikinci oxunuşda 3 avqust 2014-cü il tarixinin Sincar yezidi soyqırımı qurbanlarının Anım günü kimi təsis edilməsi layihəsini tam olaraq qəbul edib.

Alınan məlumata görə, parlamentin növbədənkənar sessiyasında “Ermənistan Respublikasının bayramları və Anım günləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi 79 səslə yekdilliklə qəbul edilib.

Layihəni hakim “KP” fraksiyasının yezidi deputatı Rustam Bakoyan təqdim edib.

Xarici işlər nazirinin müavini Paruyr Hohanisyan hökumətin bəyəndiyini bildirib və bu təşəbbüsün soyqırımların qarşısının alınmasında əhəmiyyətini və onun erməni və yezidi xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini vurğulayıb.

Sessiyada Sincar soyqırımının şahidlərindən olan Feyral Səid Talal da çıxış edərək, Yezidi xalqına verdiyi dəstəyə görə Ermənistan parlamentinə təşəkkür edib.

“Sizdən xahiş edirik ki, xalqımızı hər zaman mümkün qədər qoruyasınız. Düşərgələrdəyik, Sincarda yer belə tapa bilmirik. Biz öz evimizdən didərgin düşməməliyik. Kim bacarırsa bizə dəstək versin, bizə qarşı davam edən soyqırımına son qoyulsun” – deyə şahid bildirib.

2014-cü il avqustun 3-də “İslam dövləti” terror qruplaşmasının İraqın yezidilərin yaşadığı Sincar şəhərinə hücumları nəticəsində üç mindən artıq insan həlak olub.

Aclıq, susuzluq və dözülməz istilər nəticəsində dağlara sığınan minə qədər insan həlak olub, 200 mindən çox yezidi qaçqın düşüb, 13-56 yaş arası 5 minəcən qadın və qız qaçırılıb. İslamı qəbul etmək və cihadçılarla evlənmək sonuncunun sağ qalması üçün ilkin şərt olub.

Daha çox göstər
Back to top button