BaşlıcaSiyasətTəhlil

Azərbaycanlılar Artsvaşeni Ermənistana qaytarmaq perspektivdən narahatdırlar

JAMnews saytının əməkdaşı Fatimə Mövlamlı 1992-ci ilin avqust ayından Azərbaycanın işğalı altında olan ER-nın Qeğarkunik rayonunun Artsvaşen kəndindəki (azərbaycanca – Başkənd) vəziyyəti təqdim edən məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, kəndin girişində bir neçə hərbi post qurulub. Yerli əhali kəndə giriş-çıxışda ciddi yoxlanılmasa da, müəyyən nəzarət olduğu görünür.

Kənddə bütün evlər boşdur, çoxu baxımsızlıqdan uçub-dağılıb. Ətrafda çox adam gözə dəymir. İndi burada yalnız mal-qarasını örüş yerlərinə otarmağa gətirən və ya əkin-biçinlə məşğul olan ətraf kənd sakinlərini görmək mümkündür.

Gədəbəyin Şınıx kənd sakini 53 yaşlı Vəli kənd ərazisində heyvandarlıqla məşğul olur. O deyib ki, kənd Azərbaycanın nəzarəti altına keçəndən bəri elə burada saxladığı mal-qaranın hesabına ailəsini dolandırır.

“Başkənd ermənilərə verilsə, biz burada məhv olacağıq. Həm dolanışığımız oradan çıxır, həm də buralar daha təhlükəsiz olmayacaq. Mən tək deyiləm, ətraf kəndlərin camaatı buradan dolanır. Burada heyvan saxlayırıq. Bizim heç birimizin işi yoxdur. İşsizlikdir. Bu qoyunu saxlayırıq, sonra da satıb, həm heyvanların yeminə veririk, həm də özümüz dolanırıq. Zülmlə, zillətlə çörək tapıb yeyirik. Bu kənd getsə, daha burada dolana bilməyəcəyik. Məcburuq ki, külfətimizi götürüb, biz də çıxıb gedək”, – Vəli deyir.

Respublikaçı Alternativ Partiyasının (ReAl) liderlərindən biri Natiq Cəfərli KİV-lə söhbətdə kənddə məskunlaşdırmanın aparılmamasının iki səbəbi olduğunu bildirib.

“Biri hüquqi səbəbdir. Ermənistan deyə bilərdi ki, bu mənim ərazimdir, siz orada məskunlaşmısınız və bunun təzminatını ödəməlisiniz. Biri də var başqa iqtisadi-sosial məhdudiyyətlər. Camaat 30 ildir Bakıya axışıb. Normal iqtisadi-sosial siyasət aparılsaydı, Bakıya axın da olmazdı. İndi Başkənddə də sosial infrastruktur qurmaq, iqtisadi fürsət yaratmaq o qədər də asan məsələ deyil. Təbii şəraitinə görə”, – N.Cəfərli deyir.

Natiq Cəfərli hesab edir ki, anklavların qarşılıqlı dəyişdirilməsi üçün hər iki ölkədə referendum keçirilməlidir. 

“Bunu necə təsəvvür etmək olar ki, Ermənistan polisi, ordusu, rəsmi nümayəndələri əlini-qolunu sallayaraq 30 kilometrə yaxın Azərbaycan ərazisindən keçir, gedir Başkənddə hansısa bir iş görür. Bu inandırıcı gəlmir, açığı. Eyni şey Azərbaycanın Ermənistanın içində olan kəndlərinə də aiddir. Düzdür, oralar sərhədimizə yaxındır, bəziləri 5, bəziləri 15 kilometr məsafədədir. Amma hər bir halda biz də gərək həmin 5-15 kilometr məsafəni Ermənistanın içindən keçib orada, məsələn, ərzaq təminatını həyata keçirək, bank, rabitə xidməti göstərək, ora qaz, işıq, su verək. Bu, çox çətin və mümkünsüz görünür”, – Natiq Cəfərli bildirir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, ilkin mərhələdə söhbət ancaq Azərbaycan tərəfinin “qeyri-anklav” adlandırdığı dörd kəndin qaytarılmasından gedir:

“Tələb etdiyimiz digər dörd kənd bizə qaytarılsa belə, orada azərbaycanlıların yaşaması problem olacaq. Çünki Ermənistanın içindən gedib-gəlməli olacağıq. Eləcə də, Başkənd Ermənistana hipotetik olaraq təhvil verilsə belə, ermənilər Azərbaycanın içindən gedib-gəlməli olacaqlar. Ona görə də, bu məsələnin həlli gələcəkdə ərazi mübadiləsi yolu ilə mümkündür, məncə”, – Elxan Şahinoğlu deyir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın Milli Məclisinin deputatı, Xarici əlaqələr və parlamentlərarası komitənin üzvü Rasim Musabəyov ölkənin İctimai Televiziyasına verdiyi müsahibədə Artsvaşenin Ermənistana qaytarılmasını təklif etmişdi.

Daha çox göstər
Back to top button