BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan arasında sülh sazişi 2023-cü ilin sonunda da imzalana bilərdi: Alen Simonyan

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.

Bunu ER parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərə Azərbaycan və Ermənistan XİN başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə toxunaraq bildirib.

O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.

“Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq üçün imkan var, sadəcə bunun üçün siyasi iradə lazım idi. Ümid edirik ki, bu proses məsələnin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır, çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq”, – o deyib.

Alen Simonyan əlavə edib: “Beynəlxalq normalar tam şəkildə təsbit olunub, bu da bizim yanaşmalarımızdır. Bütün o məsələlərdə ziddiyyətlər varsa, erməni tərəfi onları rədd edir. Bunun sübutu odur ki, müqavilə on iki dəfə onlara geri göndərilib. Bəs niyə? Çünki onlar öz təkliflərini göndərirlər, biz də deyirik: Yox, bizim təkliflərimiz budur. Ona görə də proses ləngiyir”.

Simonyan tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğu sualına belə cavab verib: “Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz məqamları bir-bir keçirik, yəni bir məqama çatırıq, müzakirə edirik. Bu, ikiqat şərhə imkan verməmək üçün çox vacibdir. Baxın, bəzi ölkələr və bəzi siyasətçilər 9 noyabr bəyanatı ilə bağlı oxşar fərziyyələr aparmağa çalışdılar. Bu, hamımız üçün yaxşı dərs oldu”, – Simonyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button