BaşlıcaSiyasət

Zaxarova yalan danışır: Qərb mediası həm Gürcüstanda, həm də Ermənistanda baş verənləri işıqlandırır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 15-də keçirdiyi brifinqdə bildirib ki, Qərb mediası Gürcüstandakı etirazları işıqlandırır, eyni zamanda Ermənistanda baş verən aksiyalara susur.

Faktların Yoxlanması Platforması Ermənistanda etiraz aksiyaları ilə bağlı Qərb mətbuatında yazılanları araşdırıb.

Belə ki, Britaniyanın beynəlxalq xəbər agentliyi “Reuters” mayın 9-da Yerevanda keçirilən mitinqə istinad edərək yazır: “Cümə axşamı Yerevanda nümayişçilər toplaşaraq, bir neçə sərhəd kəndinin Azərbaycana verilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın istefasını tələb edib”.

Daha sonra, mayın 13-də Reuters bu mövzuya toxunaraq etirazçıların polis tərəfindən saxlanmasından yazıb.

Amerikanın “Associated Press” xəbər agentliyi mayın 9-u və 10-da keçirilən mitinqlərə toxunub: “Ermənistanda hökumətin bəzi sərhəd kəndlərinə nəzarəti Azərbaycana keçirmək qərarından qəzəblənən minlərlə nümayişçi artıq ikinci gündür ki, şəhərin mərkəzində nümayişlər keçirir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edir”.

Daha sonra bu barədə Associated Press-ə istinadən The Washington Post, ABC News və U.S. News də yazıb.

Almaniyanın “Deutsche Welle” xəbər agentliyi mayın 13-də yazıb ki, “Ermənistan polisi hökumətin Azərbaycana torpaq vermək planlarına etiraz olaraq ölkə paytaxtında küçələri bağlamağa cəhd edən azı 88 nəfərin həbs olunduğunu bildirib”.

Yerevandakı etiraz aksiyaları barədə dünyaca məşhur KİV-lər – Agence France Presse, Le Monde, Politico, Fox News, Euronews, France24, Eurasianet və s. yazıblar.

Belə çıxır ki, Qərb mediası “Vətən uğrunda Tavuş” hərəkatının Yerevanda keçirilən aksiyalarını işıqlandırıb və Zaxarovanın Qərb mediasının Gürcüstandakı etirazları işıqlandırdığı, lakin Ermənistanda baş verən aksiyalara susurluğu ilə bağlı iddiası yalandır.

Daha çox göstər
Back to top button