BaşlıcaSiyasət

AB Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırır

Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Piter Stano Azərbaycanda amnistiya aktı və insan haqlarının vəziyyəti ilə bağlı bəyanat yayıb.

Qeyd olunur ki, Mayın 25-də Azərbaycan prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb. Bu il əvvəlkilərdən fərqli olaraq, fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə məhkum olunmuş şəxslər daxil edilməyib.

Son aylar müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə, “Abzas Media”, “Toplum” TV, “Kanal 11” və “Kanal 13” kimi müstəqil media mənsubları, III Respublika platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik təşəbbüslər institutu kimi digər təşkilatlar hədəfə alınıb.

AB Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmağa davam edir. Bizi, xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin sağlamlıq vəziyyəti narahat edir. Biz Azərbaycan hakimiyyətini bir daha çağırırıq ki, cənab İbadoğlunun təcili ehtiyacı olan tibbi müalicəni alması üçün onun səyahət qadağasını ləğv etsin.

Azərbaycanın Noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişikliyi üzrə qlobal konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır. Bu, həm də 2021-ci ilin Dekabrında Şərq Tərəfdaşlığı sammiti bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü kimi öhdəliklərinə uyğundur.

Avropa Birliyi Azərbaycanda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla, əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir” – bəyanatda bildirilib.

Əlavə edək ki, Aprel ayında Avropa Parlamenti 474 lehinə, 4 əleyhinə və 51 bitərəf səs nisbəti ilə Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı repressiyalarını pisləyən qətnamə qəbul edib. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları, o cümlədən AB və digər ölkələrin vətəndaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Daha çox göstər
Back to top button