BaşlıcaEkonomika

Tezliklə Yerevanda İran ticarət evi açılacaq. Ermənistan Tehranda həmçinin analoji mərkəz yaratmağı planlaşdırır

Yaxın vaxtlarda Yerevanda İran ticarət evi açılacaq və Tehranda da oxşar erməni mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Alınan məlumata görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan səlahiyyətlərinin 100-cü gününə həsr olunmuş mətbuat konfransında bildirib.

“Mən mis katod zavodunu qeyd etdim. Bizim başqa layihələrimiz də var ki, indi onlar haqqında danışmayacağam, çünki onlar fəal şəkildə nəzərdən keçirilir, katod zavodunda isə artıq konkret proses gedir. Düşünürəm ki, bu yolla biz gələcək dövriyyəmizi (İranı nəzərdə tuturam – red.) artıra bilməliyik.

Biz burada istehsal edib ixrac etməliyik. Həmçinin, yaxın vaxtlarda Yerevanda İran ticarət evi açılacaq. İranlılar da Tehranda Erməni ticarət evinin açılmasında maraqlıdırlar.

 İndi biznesimizlə bu istiqamətdə işləyirik. İranlılar üçün rəqabətə davamlı və maraqlı məhsullar olmalıdır. Bu baxımdan, dərin marketinq araşdırması da tələb olunur.

Bu məhsul siyahısı və maraq formalaşan kimi düşünürəm ki, Ermənistan və İran dövlətlərinin bu siyasi iradəsi var və biz bu ticarət evinin açılmasına dəstək ola bilərik” – deyə iqtisadiyyat naziri bildirib.

O, əlavə edib ki, uzun illərdir ki, sanksiyalar altında olan İran öz iqtisadiyyatını elə inkişaf etdirə bilib ki, zəngin mineral ehtiyatlarına görə orada istehsal olunan bir çox məhsulların maya dəyəri çox aşağıdır.

 Belə olan halda, nazirin sözlərinə görə, standart məhsullarla İran bazarına çıxmaq və orada rəqabət aparmaq çox çətindir. Gevorq Papoyanın sözlərinə görə, İranı ancaq orada istehsal olunmayan məhsullar maraqlandırır.

Daha çox göstər
Back to top button