Başlıcaİctimaiyyət

Azərbaycanda vətəndaş polis bölməsində işgəncə nəticəsində dünyasını dəyişib

Azərbaycanın Sumqayıt şəhər sakini Elvin İsgəndərov yerli polisin 1-ci bölməsində dünyasını dəyişib. Ailə üzvləri mətbuata açıqlamasında İsgəndərovun işgəncə nəticəsində dünyasını dəyişdiyini bildirib. Qeyd olunur ki, 37 yaşlı Elvin İsgəndərov iyunun 14-nə keçən gecə qardaşları da daxil olmaqla bir neçə nəfərlə birlikdə polis bölməsinə aparılıb. İyunun 15-nə keçən gecə İsgəndərov qardaşları üçün polisə gedən yaxınlarına Elvinin ölümü barədə məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, Elvinin bədənində zorakılıq izləri və bədən xəsarətləri olub, ona görə də Elvin İsgəndərovun işgəncə nəticəsində öldürüldüyünə əmindirlər. Həmin gecə polis bölməsində olan Elvinin qardaşları dedilər ki, hamısı döyülüb, polislər Elvinin başına zərbələr endiriblər. Daxili İşlər Nazirliyi Elvin İsgəndərovun yaxınlarının dediklərini təkzib edib. İdarənin mətbuat xidmətindən bildirilib ki, Elvin İsgəndərov qaraciyər serrozu və ürək tutmasından dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərindəki kafelərdən birində sərxoş vəziyyətdə bir neçə nəfər arasında münaqişə olması barədə polisə məlumat daxil olub. Həmin məlumat əsasında saat 23:30 radələrində kafeyə daxil olan polis tədbir iştirakçılarını polis şöbəsinə aparıb.

Daha çox göstər
Back to top button