BaşlıcaSiyasət

Ermənistan Fələstin dövlətini tanıyıb

Ermənistan Xarici işlər nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb. Ermənistan Xarici işlər nazirliyinin bəyanatını təqdim edirik.

“Qəzzada fəlakətli humanitar vəziyyət və davam edən hərbi münaqişə bu gün nizamlamasını tələb edən beynəlxalq siyasi gündəmin əsas məsələlərindən biridir. Ermənistan Respublikası silahlı münaqişə zamanı mülki infrastrukturun hədəfə alınmasını, mülki əhaliyə qarşı zorakılığı və mülki şəxslərin girov və əsir götürülməsini qəti şəkildə rədd edir və beynəlxalq ictimaiyyətin onların ilkin şərt olmadan azad edilməsi tələblərinə qoşulur.

Ermənistan Respublikası BMT Baş Assambleyasının Qəzzada dərhal atəşkəs elan edilməsini tələb edən qətnamələrinə qoşulub. Üstəlik, Ermənistan Respublikası Yaxın Şərqdə sülh və sabitliyin, yəhudi və Fələstin xalqları arasında davamlı barışığın bərqərar olunmasında səmimi maraq göstərir. Biz müxtəlif beynəlxalq platformalarda  həmişə Fələstin məsələsinin sülh yolu ilə və hərtərəfli nizmalamasının tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləmişik. Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur.

Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır” – deyə  bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button