Ermənistan Müdafiə Nazirliyi ABŞ dövlət katibinin müavini Uzra Zeyanın nazirlikdə Amerika ordusunun nümayəndəsinin çalışacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
“Armenpress”in sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, nazirlik ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhət dəstəyi alıb və almaqda davam edir.
Qeyd olunub ki, bu, qısamüddətli və ya uzunmüddətli ola bilər. Nazirlik bu mövzu ilə bağlı başqa təfərrüat verməyib və qeyd edib ki, Amerika tərəfi artıq müvafiq izahatlar verib.
Xatırladaq ki, ABŞ dövlət katibinin müavini Uzra Zeya iyulun 18-də “Hetq” nəşrinə müsahibəsində bildirib ki, Amerika ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində işləyəcək.
“Armenpress” məsələ ilə bağlı əlavə aydınlıq gətirmək üçün ABŞ-ın Ermənistandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, Vaşinqton Yerevana təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir.