İranın xarici işlər naziri Əli Baqiri Kani HƏMAS-a ölkəsinin rəhbərliyinin hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı İsrailə qətiyyətli cavab vermək niyyəti barədə məlumat verib…
Müvafiq bəyanat HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunub.
“İranın xarici işlər naziri HƏMAS-ın Tehrandakı nümayəndələrinə Haniyyənin qətli ilə bağlı başsağlığı verib və ölkəsinin rəhbərliyinin bu kontekstdə qətiyyətli cavab verməyə hazır olduğunu təsdiqləyib”, deyə bəyanatda bildirilir.
HƏMAS əlavə edib ki, Baqeri Kani hərəkat liderinin öldürülməsini beynəlxalq hüququn pozulması adlandırıb və elan edib ki, İslam Respublikasının hakimiyyət orqanları cavab zərbəsinin vaxtı və miqyası barədə artıq qərar veriblər. Eyni zamanda Baqeri Kani bildirib ki, Tehran Haniyyənin qətlinə cavab olaraq İsrailə potensial zərbəni ilk növbədə özünümüdafiə hüququndan istifadə kimi qiymətləndirir.
Xatırladaq ki, bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani həftəlik mətbuat konfransında bildirib ki, İran tərəfindən toplanan bütün sübutlar Haniyənin qətlinin arxasında İsrailin dayandığını göstərir. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Tehran Yaxın Şərqdə gərginliyin artmasında maraqlı deyil, İran hakimiyyətinin fikrincə, bu gərginliyi artıran yəhudi dövlətidir.