İran İslam Respublikasının rəhbərliyi Ermənistanla təqribən 3 milyard dollar məbləğində əməkdaşlıq planlaşdırıb. “Armenpress”in məlumatına görə, bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud potensialından və gələcəkdə planlaşdırılan layihələr barədə danışaraq bildirib.
“Bizim iki ölkə arasında əməkdaşlıq üçün böyük potensialımız var. Artıq əməkdaşlıq etdiyimiz sahələr iki ölkə arasında ticari, siyasi və iqtisadi əlaqələrin inkişafı üçün çox yaxşı əsas ola bilər”, – deyə səfir Sobhani bildirib.
O əlavə edib ki, İranın yol tikintisi, xüsusilə körpü tikintisi və ümumiyyətlə, tikinti sahəsində böyük təcrübəsi var.
“İran rəhbərliyi Ermənistanla təqribən 3 milyard dollar həcmində əməkdaşlığı planlaşdırıb və biz bu istiqamətdə irəliləyəcəyimizə əminik. Biz bütün mövcud potensialdan istifadə etmək əzmindəyik. Biz sizin tərəfinizdəyik və sizinlə qalacağıq”, – deyə səfir Sobhani vurğulayıb və Yerevanla Tehran arasında münasibətlərin çox parlaq gələcəyi barədə fikirlərini bildirib.