Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara toxunub. “Armenpress” xəbər verir ki, baş nazir Nikol Paşinyan “Yerevan dialoqu” adlı konfransda çıxışında bu mövzuya toxunub.
“Son vaxtlar sülh sazişinin 80 faizinin razılaşdırıldığını çox eşitmisiniz, müxtəlif tribunalardan bununla bağlı bəyanatlar səslənir və bunun praktikada nə demək olduğunu qeyd etmək istəyirəm. Sülh müqaviləsi layihəsinin hazırkı nəticələrinə görə, layihənin 13 maddəsi və layihənin preambulası tam razılaşdırılıb, əsasən iki cümlədən ibarət daha üç maddə qismən razılaşdırılıb. Daha obyektiv desək, həmin maddələrin cümlələrindən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb.
“Biz razılaşdırılmış 13+3 müddəalarını masaya qoymağı, indi onları sülh sazişi kimi imzalamağı və gələcək məsələlərin müzakirəsinə keçməyi təklif edirik”, – Nikol Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, sülh müqaviləsinin hazırda razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında müddəa var.
“Ona görə də biz bu cür həll yollarına gedə bilərik, biz bu təklifi açıq və rəsmi şəkildə etmişik və mən sülh və münasibətlərin qurulması sazişinin razılaşdırılmış mətnini mümkün qədər tez imzalamağa hazır olduğumuzu, hazır olduğumu bir daha təsdiqləmək istəyirəm”, – baş nazir bildirib.
Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsini artıq razılaşdırılmış maddələrlə imzalamağı və ondan sonra qalan məsələlər üzrə müzakirələri davam etdirməyi təklif edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə sentyabrın 9-da Ermənistanın təklifinin onlar üçün qəbuledilməz olduğunu bildirib.