İran parlamentindəki ermənilərin nümayəndəsi Qeğard Mansuryan bildirib: “Rusiya və bütün ölkələr bilməlidir ki, İranın qırmızı xətləri olan milli təhlükəsizlik və maraqlar müzakirə edilə bilməz”.
Deputat Azərbaycanın “Zangezur dəhlizi” adlandırdığı yol ilə bağlı fikir ayrılıqlarına toxunaraq deyib: “Rusiya yalnız öz maraqlarını düşünür. Rusiyanın xarici işlər naziri Lavrov bu ölkənin hər kəsin hörmət etməli olduğu qırmızı xətlərə malik olduğunu açıqlayıb.
İranın da ölkəmizin təhlükəsizliyi və milli maraqlarını ehtiva edən qırmızı xətləri var və biz heç bir ölkənin onlara zərər vurmasına icazə verməyəcəyik”.
İran-Ermənistan sərhədinin əhəmiyyətinə toxunan deputat deyib: İranla Ermənistan arasındakı sərhəd ən qədim beynəlxalq sərhədlərdən biridir və o sərhəddə dəyişiklik olarsa, İran sərt reaksiya verəcək və bunu hamı bilir”.
O qeyd edib: “İran və sionist rejim arasında regionda gərginliyin səviyyəsinin nəzərəçarpacaq dərəcədə artdığı bir şəraitdə, görünür, regional və regiondankənar aktorlar bu vəziyyətdən istifadə etmək və regionun beynəlxalq sərhədlərini dəyişmək niyyətindədirlər. Odur ki, Cənubi Qafqaz tənliklərinin fəal oyunçularına xatırlatmaq lazımdır ki, İran bir neçə fərqli cəbhədə diqqətini cəmləyə və lazım gələrsə, regionda sülh və təhlükəsizliyin qorunması üçün müvafiq tədbirlər görə bilər”.