Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne hesab edir ki, onun Ermənistana səfəri siyasi xadimlərin və yüksək rütbəli məmurların dəyişməsindən asılı olmayaraq, Parisin həmişə Yerevanla möhkəm və tarixi əlaqələrin davamlılığını qoruyacağını sübut edir.
“Armenpress”in məlumatına görə, bu barədə fransalı nazir ER XİN rəhbəri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
Sonuncunun sözlərinə görə, onun Ermənistana səfəri təbii olaraq Fransa prezidenti Emmanuel Makron və yeni təyin olunmuş baş nazir Mişel Barnier tərəfindən təsdiq edilib və bu, Parisin apardığı siyasətin və öhdəliklərin davamıdır.
Onun fikrincə, insanlarda, siyasətçilərdə dəyişiklik ola bilər, lakin onun Ermənistana səfəri nümayiş etdirdiyi kimi, güclü Ermənistan-Fransa münasibətlərinə sadiqlik eyni qalacaq.
“Müdafiə etdiyimiz dəyərlər dəyişməyəcək. Bizim dəstəyimizin davamlılığı və əlaqələrimizin möhkəmliyi qorunacaq və inanıram ki, demokratiya, dostluq və sülh dəyərlərini qoruyan ölkələrimiz arasında tarixi münasibətlərdə heç bir fərq hiss olunmayacaq”, – deyə Stefan Sejurne vurğulayıb.