NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putinin Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrin “qırmızı xətt”ə çevrilə biləcəyinə, bundan sonra alyansın Rusiya Federasiyası ilə müharibə vəziyyətinə düşəcəyinə dair bəyanatlarına şübhə ilə yanaşır.
Stoltenberq Rusiya prezidentinin bir çox digər təhdidləri kimi bunu da saxta adlandırıb.
O xatırladıb ki, Putin əvvəllər “qırmızı xətlər” haqqında bir neçə dəfə danışıb, lakin onları keçdikdən sonra Moskvadan heç bir reaksiya olmayıb. “O, bunu etməyə cəsarət etmədi, çünki başa düşür: NATO dünyanın ən güclü hərbi ittifaqıdır. Bundan əlavə, Rusiya anlayır ki, nüvə müharibəsində qalib gəlmək olmaz və bu müharibədə iştirak qəbuledilməzdir. Biz bunu dəfələrlə Putinə çatdırmışıq”, – Stoltenberq “The Times” qəzetinə müsahibəsində vurğulayıb.
NATO-nun baş katibi qeyd edib ki, Moskva getdikcə Pekindən asılı vəziyyətə düşür.
O xatırladıb ki, məhz Çin Rusiya hərbi iqtisadiyyatını, o cümlədən Ukraynada istifadə olunan raket və bombaların istehsalı üçün istifadə olunan mikroelektronika və mikroprosessorları tədarük etməklə fəal şəkildə dəstək verir.