Verilən məlumata görə, Tankyan bir il öncə bu günlərdə Dağlıq Qarabağda etnik təmizləmə aparıldığını və 120 min erməninin Azərbaycan administrasiyası tərəfindən iki min ildən çox yaşadıqları Artsaxdan zorla deportasiya edildiyini xatırladıb.
“Doqquz aylıq mühasirə və aclıqdan sonra Azərbaycan onlara hücum etdi. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycanın hərəkətlərini soyqırım kimi qiymətləndirib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Cinayət Məhkəməsi isə bir sıra qərarlar qəbul edib və orada Dağlıq Qarabağ ermənilərinin geri qaytarılmasının zəruriliyini qeyd edib.
Onlar ifrat irqçilik nümayiş etdirərək, etnik təmizləmə aparmış, çoxlu ermənini qətlə yetirmiş Azərbaycana etibar edə bilmirlər. Erməni nifrəti onların milli siyasətidir” – deyə Tankyan bildirib.
Onun fikrincə, ermənilərin qayıtması və onların Dağlıq Qarabağda təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr tərəfindən təmin edilə bilər ki, bunun üçün beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa Birliyinin və ABŞ-ın siyasi iradəsi lazımdır.
Onun sözlərinə görə, ATƏT bu məsələdə böyük rol oynaya bilər. “Biz repatriasiya ümidini, vətənimizə qayıtmaq arzusunu itirə bilmərik.
Baş verənlər, etnik təmizləmə və soyqırım da daxil olmaqla, ən pis halda müstəmləkəçiliyin nümunəsi idi. Artsax xalqının öz evlərinə qayıtmaq, dinc və normal şəraitdə yaşamaq imkanı olmalıdır. Biz hamımız onların yanında olmalıyıq” – deyərək Tankyan yekunlaşdırıb.