ER Xİ Xarici İşlər nazirinin müavini Anadolu-ya müsahibə verib: “Kars-Gyumri dəmir yolu iki ölkə üçün yeni qapı ola bilər”
Erməni tərəfi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə müsbət dinamikanı məmnuniyyətlə qarşılayır, lakin bu istiqamətdə daha çox işlər görülə biləcəyini düşünür.
Verilən məlumata görə, bu haqda Ermənistanın Xarici işlər nazirinin müavini Vahan Kostanyan Türkiyənin Anadolu xəbər agentliyinə bildirib.
Xəbər agentliyi qeyd edir ki, Kostanyanın bu mövqeyi Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan arasında Nyu-Yorkda keçirilən görüşdən sonra yaranıb.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə müsbət dinamikanı məmnuniyyətlə qarşılayırıq, lakin biz inanırıq ki, xüsusilə münasibətlərin tam normallaşması, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məsələsində daha çox işlər görülə bilər” – deyə Vahan Kostanyan bildirib.
Kostanyan Ermənistan və Türkiyə liderlərinin görüşünü kifayət qədər müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, iki ölkənin liderləri bir-birinin mövqeyini anlamağa hazır olduqlarını nümayiş etdiriblər.
Xarici İşlər nazirinin müavini üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı 2022-ci ilin iyul ayında Vyanada əldə edilmiş razılaşmanı xatırladıb.
“Biz bir daha təsdiq etdik ki, erməni tərəfi hazırdır. Biz bütün zəruri infrastruktur və texniki hazırlıq işlərini tamamlamışıq və razılaşmanın həyata keçirilməsinə başlamağa hazırıq” – deyə erməni nazir müavini bildirib.
Anadolu-nun verdiyi məlumata görə, Kostanyan gələcək əməkdaşlığa, xüsusilə Gümrü-Kars dəmir yolunun yenidən işə salınması məsələsinə nikbin yanaşıb.
Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, həm də daha geniş regiona iqtisadi fayda gətirəcək.
“Biz bilirik ki, hazırda bir çox logistika zəncirləri bloklanıb və ya düzgün işləmir və Kars-Gyumri dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün isə Mərkəzi Asiyaya, Çinə yeni qapı ola bilər”- deyərək o, əlavə edib ki, daha çox işlər görülə bilər və bu işlər daha sürətlə həyata keçirilə bilər.
O, erməni tərəfinin türk tərəfdaşlarına çatdırmağa çalışdığı mesajı təkrarlayıb: “İndi hərəkət etməyin vaxtıdır. Biz vaxt itirməməliyik”.