İnternet azadlığı dünya üzrə ardıcıl 14 ildir ki, azalır. İnternetdə insan hüquqlarının qorunması Freedom on the Net-ə daxil olan 72 ölkədən 27-də zəifləyib, 18 ölkədə isə yaxşılaşmalar qeydə alınıb.
Bu barədə Freedom House beynəlxalq insan hüquqları təşkilatının “İnternet azadlığı” 2024 hesabatında qeyd edilir. Ermənistan internet azadlığı üzrə 100 ballıq şkala ilə 74 bal toplayaraq, azad ölkələr sırasına daxil olub.
Hesabat 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər olan dövrü əhatə edir.
Bildirilir ki, Ermənistanın onlayn mühiti açıq qalır, çünki hökumət veb-saytları və ya sosial media platformalarını bloklamayıb.
Lakin hökumət tənqidçiləri onlayn platformalarda tənqid etdiyinə görə həbs edib və ölkədə fərdlər tez-tez casus proqram hücumlarına məruz qalıblar.
Hesabat dövründə veb-saytların və ya sosial media platformalarının əvvəlki dövrlərdən fərqli olaraq, bloklanması qeydə alınmayıb.
2024-cü ilin mart ayında hökuməti tənqid edən podkast aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyan xuliqanlıq ittihamı ilə həbs olunub və baş nazir Nikol Paşinyanı təhqir edən epizod yayımladıqdan sonra iki aylıq ilkin həbsə məhkum ediliblər.
2023-cü ilin dekabr ayında hökumət dezinformasiyaya qarşı mübarizəyə dair 2024-2026-cı illər üçün konsepsiya və fəaliyyət planını qəbul edib.
Onun məqsədi bu sahədə hökumət və özəl sektorun potensialını gücləndirmək və mediaya savadlılığı təşviq etməkdir.
Qeyd olunur ki, 2024-cü ilin yanvarında Anonymous Russia haker qrupu Ermənistan hökuməti, banklar və telekommunikasiya xidmət təminatçıları daxil olmaqla, bir neçə veb-sayta qarşı DDoS hücumları həyata keçirib.
Qeyd edək ki, Ermənistan 2018-ci ildə kütləvi anti-hökumət etirazları və seçkilərdən sonra ciddi dəyişikliyə uğrayıb. Həmin etirazlar köklü siyasi elitanı hakimiyyətdən uzaqlaşdırıb.
Baş nazir Nikol Paşinyanın hökuməti sistemli korrupsiya, qeyri-şəffaf siyasət, qüsurlu seçki sistemi və qanunun zəif hökmranlığı kimi uzun müddətdir mövcud olan problemləri həll etməyə söz verib.
Ölkə Azərbaycandan gələn hərbi təzyiqlərdən ciddi zərər çəkib. 2023-cü ilin sentyabrında Azərbaycan hərbi qüvvələri yerli müdafiə qüvvələrini məğlub edərək ərazini tam nəzarət altına aldıqdan sonra, 1994-cü ildən faktiki olaraq Azərbaycandan müstəqil olan Dağlıq Qarabağın demək olar ki, bütün etnik erməni əhalisi Ermənistan ərazisinə köçmək məcburiyyətində qalıb.
Ermənistanın qonşularından Azərbaycan 34 balla qeyri-azad ölkələr sırasında yer alıb. Bildirilir ki, Azərbaycanda internet azadlığı daha da zəifləyib, hesabat dövründə fəalların və müstəqil jurnalistlərin kütləvi həbsləri səbəbindən özünü senzura artıb.
Hakimiyyət öz maraqları naminə məlumat məkanını manipulyasiya etməyə davam edir. Hakimiyyət müstəqil onlayn media orqanlarının, o cümlədən Abzas, Kanal 11, Kanal 13 və Toplum TV jurnalistlərinin həbs dalğasını həyata keçirib.
Hesabata görə, Azərbaycanın avtoritar rejimində hakimiyyət əsasən 2003-cü ildən prezident İlham Əliyev və onun geniş ailəsinin əlində cəmləşib.
Korrupsiya geniş yayılıb, illərlə təqiblərə məruz qalmış rəsmi siyasi müxalifət isə zəifləmiş vəziyyətdədir. Gürcüstan da 74 balla azad ölkələr sırasındadır, lakin İran və Türkiyə müvafiq olaraq 12 və 31 balla qeyri-azad ölkələr sırasındadır.