Noyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iddialara dair həm Azərbaycan, həm də Ermənistanın ilkin etirazları ilə bağlı qərar verəcək. Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“2024-cü il noyabrın 12-də Haaqa vaxtı ilə saat 15:00-da BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iddia ilə bağlı Azərbaycanın irəli sürdüyü ilkin etirazlarla bağlı qərar verəcək. Həmin gün məhkəmə Azərbaycanın Ermənistana qarşı qaldırdığı əks iddia çərçivəsində Ermənistanın etirazları ilə bağlı qərar qəbul edəcək”, – deyə məhkəmənin məlumatında bildirilir.
2021-ci il sentyabrın 16-da Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edərək Azərbaycana qarşı iş qaldırıb.
21 aprel 2023-cü il tarixində Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını bildirib və Məhkəmə Reqlamentinə əsasən, bu etirazlarla bağlı Məhkəmənin qərarına qədər proses dayandırılıb.