BBC: “Skandal COP29 öncəsi: Azərbaycanın konfrans rəsmisi mövqeyindən istifadə edərək fosil yanacaqla bağlı potensial müqavilələri müzakirə edib”
BBC xəbər verir ki, Azərbaycanda COP29 konfransının yüksək vəzifəli rəsmisi görünür ki, mövqeyindən istifadə edərək fosil yanacaq sahəsində potensial müqavilələr barədə müzakirələr aparmaq üçün görüş təşkil edib.
Gizli səs yazısı göstərir ki, Azərbaycanın COP29 komandasının icraçı direktoru Elnur Soltanov, özünü potensial investor kimi təqdim edən bir şəxslə “neft-qaz dövlət şirkətindəki investisiya imkanları”nı müzakirə edib.
O, “Bizim inkişaf etdirilməsi lazım olan bir çox qaz yatağımız var,” deyib. BMT-nin iqlim məsələləri üzrə danışıqlarına cavabdeh olan keçmiş rəhbər BBC-yə bildirib ki, Soltanovun hərəkətləri “tamamilə qəbuledilməzdir”və COP prosesinə “xəyanətdir”.
Soltanov, COP29-un icraçı direktoru olmaqla yanaşı, həm də Azərbaycanın energetika nazirinin müavini və SOCAR-ın idarə heyətinin üzvüdür. Azərbaycanın COP29 komandası isə mətbuatın şərh istəklərinə cavab verməyib.
Qeyd olunur ki, neft və qaz gəlirləri Azərbaycanın ümumi iqtisadiyyatının təxminən yarısını və ixracının isə 90%-dən çoxunu təşkil edir.
BBC-yə, Global Witness hüquq müdafiə təşkilatı tərəfindən hazırlanmış sənədlər və gizli video görüntülər təqdim olunub. Bu təşkilatın nümayəndələrindən biri COP29 komandasına özünü Honq-Konqda enerji sahəsində ixtisaslaşmış saxta investisiya şirkətinin rəhbəri kimi təqdim edib.
O, bildirib ki, şirkət COP29 sammitinə sponsorluq etməkdə maraqlıdır, lakin bunun əvəzində Azərbaycanın dövlət enerji şirkəti SOCAR-da investisiya imkanlarını müzakirə etmək istəyir. Soltanovla onlayn görüş təşkil olunub.
Görüş zamanı Soltanov potensial sponsora bildirib ki, sammitin məqsədi “iqlim böhranını həll etmək” və “hidrokarbonlardan ədalətli, tənzimlənən və ədalətli keçid”dir.
O, qeyd edib ki, hər kəs, o cümlədən neft-qaz şirkətləri də “həll yolları tapa bilər”, çünki Azərbaycanın “qapıları açıqdır”. Eyni zamanda, neft və qazla bağlı müqavilələri də müzakirə etməyə açıq olduğunu bildirib.
Soltanov ilkin olaraq mümkün maliyyəçiyə SOCAR-ın daxil olduğu “yaşıl keçid layihələrinə” investisiya qoymaqda maraqlı ola biləcəyini desə də, daha sonra Azərbaycanın qaz hasilatını artırmaq planları, o cümlədən yeni boru kəmərləri infrastrukturu barədə danışıb.
“Çoxlu birgə müəssisələr yaradıla bilər”- deyə Soltanov səs yazısında əlavə edib:
“SOCAR Asiyada da daxil olmaqla dünyanın hər yerində neft və qaz ticarəti ilə məşğuldur.” Bir neçə həftə sonra Honq-Konq saxta investisiya şirkəti “SOCAR işə davam etmək istəyir” yazılı bir məktub alıb.
Xəbər agentliyi qeyd edir ki, COP prosesindən istifadə edərək biznes sövdələşmələri bağlamağa cəhd etmək, görünür, COP rəsmi şəxsinin davranış standartlarına ciddi şəkildə ziddir.
BMT-dən bildiriblər ki, aşkar edilmiş məsələlərə birbaşa şərh verə bilməsələr də, konfrans ev sahibinə qarşı “eyni ciddi standartlar”ın tətbiq edildiyini və bu standartların “bütün sədrlərin qərəzsizliyinin vacibliyini əks etdirdiyini” qeyd ediblər.
BBC, Azərbaycanın COP29 komandası və SOCAR-dan şərh istəyib, lakin hər ikisi də sorğulara cavab verməyib.