Əfqanıstanın “Taliban” hərəkatının rəsmiləri COP29 sammitində iştirak edəcəklər.Bu haqda Əfqanıstan Xarici işlər nazirliyi bəyan edib.
Taliban 2021-ci il avqustun 15-də, ABŞ qüvvələrinin 20 illik mövcudluqdan sonra ölkəni tərk etməsindən sonra hakimiyyətə gəlib.
BMT Talibanı Baş Assambleyada Əfqanıstanın yerini tutmağa buraxmayıb və Əfqanıstan hökuməti rəsmi olaraq BMT üzv ölkələri tərəfindən tanınmayıb.
Bu əsasən Talibanın qadınların təhsili və sərbəst hərəkətliliyini məhdudlaşdırması səbəbindəndir.
Əfqanıstanın Xarici işlər naziri Əbdul Qəhar Bəlxi bildirib ki, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin rəsmiləri COP sammitində iştirak etmək üçün Azərbaycana gəliblər.
Taliban rəsmiləri Əfqanıstanla bağlı BMT tərəfindən təşkil edilən Dohadakı görüşlərdə iştirak ediblər və Talibanın nazirləri son iki ildə Çində və Mərkəzi Asiyada keçirilən forumlara qatılıblar.
Lakin BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının COP bürosu 2021-ci ildən Əfqanıstanın iştirakının müzakirəsini təxirə salıb və faktiki olaraq bu prosesi dondurub.
Son illərdə Əfqanıstanın qeyri-hökumət təşkilatları da iqlim müzakirələrində iştirakla bağlı çətinliklər yaşayır.
Azərbaycan Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəsmilərini COP29-a müşahidəçi qismində dəvət edərək, onlara “müzakirələrdə iştirak etmək və ikitərəfli görüşlər keçirmək imkanı” yaradıb.Bu haqda Reuters-ə məsələ ilə tanış diplomatik mənbə bildirib.
Taliban BMT sistemində rəsmi olaraq Əfqanıstanın qanuni hökuməti kimi tanınmadığından, mənbə qeyd edir ki, rəsmilər tamhüquqlu üzv ölkələrin iclaslarına iştirak üçün akkreditasiya ala bilməzlər.
Azərbaycan rəhbərliyi şərh verməkdən imtina edib.
Əfqanıstan iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biridir. Bu il daşqınlar yüzlərlə insanın həyatına son qoyub və kənd təsərrüfatından asılı olan ölkə şiddətli quraqlıqdan əziyyət çəkib.
Əhalinin böyük bir hissəsini təşkil edən fermerlər qida təhlükəsizliyi problemi ilə üzləşiblər.