“Sərhədsiz Reportyorlar” Azərbaycanda həbsdə olan jurnalistləri azad etməyə çağırıb
“Sərhədsiz Reportyorlar” beynəlxalq ictimaiyyəti jurnalistlərin azad edilməsi və insan hüquqları pozuntularına son qoyulması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb, “Turan” yazır.
“Çıxışın məhdudlaşdırılması, fiziki zorakılıq, həbslər: Azərbaycanda, gəlirinin 90%-dən çoxunu karbohidrogen ixracından əldə edən neft-qaz dövlətində ətraf mühit kimi həssas mövzuları işıqlandıran jurnalistlər minalanmış sahədə işləyirlər. Son bir ildə hakimiyyət 15-ə yaxın jurnalisti fəaliyyətinə görə həbs edib”, deyə təşkilatın bəyanatında bildirilir.
“Sərhədsiz Reportyorlar” beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən həbs edilmiş jurnalistləri azad etməyi, mətbuat azadlığının tüğyan edən pozuntularına son qoymağı və müstəqil jurnalistikanı qorumaq öhdəliyi götürməyi tələb etməyə çağırır”, deyə “Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavalye bildirib.
Azərbaycanda karbohidrogen və faydalı qazıntıların hasilatının ağır nəticələrini işıqlandırmaq jurnalistlər üçün xüsusilə risklidir. 30 noyabr 2023-cü il tarixində saxta “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilmiş Nərgiz Absalamova Abzas Media-da – azsaylı müstəqil KİV-lərdən birində işləyirdi. O, 2023-cü ilin iyununda Azərbaycanın qərbində qızıl mədəninin zəhərli tullantılarından zərər çəkən Söyüdlü kənd sakinlərinin etirazlarını işıqlandırırdı.
Bu gün jurnalist, onun Abzas Media-dan dörd həmkarı və səkkiz digər müstəqil media nümayəndəsi, o cümlədən Toplum TV-nin əməkdaşları amansız rəftardan və ya həbsdə alçaldıcı saxlama şəraitindən əziyyət çəkir. Bu barədə Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı da məlumat verib.