BaşlıcaSiyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla razılaşmaları açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin tribunasında son dövrlərdə Azərbaycan-Ermənistan danışıqları barədə, xüsusən Kazanda BRİKS sammitində Azərbaycan prezidenti ilə geniş müzakirələr zamanı əldə edilən nəticələr barədə açıqlamalar verib.

Əvvəlcə sammit çərçivəsində, sonra isə şəxsi söhbət formatında müzakirələr aparılıb.

Baş nazir Paşinyan etiraf edib:

“Azərbaycan Prezidenti ilə geniş tərkibdə aparılan müzakirələrdən razı qaldığımı bildirmək istəyirəm. Bu, qəribə səslənə bilər, amma biz belə uzun və dərin söhbətləri ya çoxdan etməmişdik, ya da ümumiyyətlə olmamışdı.

Digər liderlər çıxış edərkən biz fikir mübadiləsi aparırdıq, amma vacib bir dialoq baş tutdu”.

Paşinyanın sözlərinə görə, bu söhbətlər iki əsas nəticə verə bilər:

Birincisi, Paşinyan Ermənistan və Azərbaycan arasında “strateji razılaşma”dan danışır.

“Ən vacib məqam odur ki, mənim fikrimcə, Ermənistan və Azərbaycan dinc yanaşı yaşamaq üçün yalnız “sülh müqaviləsi” deyil, həm də strateji razılaşmaya ehtiyac duyurlar.

Yəni yaxın gələcəkdə müstəqil dövlətlər kimi bir-birimizin yanında hansı şərtlər daxilində yaşayacağımızı müəyyən etməliyik.

Mən bu strateji razılaşmaya dair müəyyən fikirlərə sahibəm və burada elə də gizlilik yoxdur. Əsasən, strateji razılaşma haqda bizim təsəvvürümüz Ermənistanın reallıqları üzərində qurulur”.

İkinci nəticə isə yolların açılması məsələsinə aid ola bilər. Baş nazirin dediyinə görə, bu məsələ üzrə həll artıq çox yaxındır.

“Kazanda baş verən digər vacib hadisə odur ki, regional kommunikasiyaların açılması məsələsində qarşılıqlı və tamamilə qəbul edilə biləcək bir həllə nail olmaq ehtimalımız yaranıb.

Biz bu təklifi artıq yazılı şəkildə Azərbaycana təqdim etmişik və deyə bilərəm ki, “Sülh müqaviləsi”nin qalan iki maddəsinə dair təkliflərimizi də ötən həftə təqdim etdik”.

Baş nazir, həmçinin, Azərbaycan prezidentinin “Sülh müqaviləsi” imzalanmazdan əvvəl Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə də münasibət bildirib.

Rəsmi Yerevanın mövqeyi belədir ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac yoxdur və baş nazir bunun üçün müxtəlif əsaslandırmalar gətirib.

Baş nazir vurğulayıb ki, Ermənistan Konstitusiyasında Dağlıq Qarabağa dair birbaşa və ya dolayısı ilə heç bir müddəa yoxdur və 26 sentyabr 2024-cü il tarixli Konstitusiya Məhkəməsinin sərhədlərin müəyyənləşdirilməsinə dair qərarı da bunu təsdiqləyir. Paşinyan birinci arqument kimi qeyd edib ki, Ermənistan Konstitusiyası, müstəqil dövlətin xalqı tərəfindən qəbul olunduğu üçün, SSRİ dövründə qəbul edilmiş Müstəqillik Bəyannaməsindən daha üstündür.

Baş nazirin ikinci arqumenti isə Azərbaycan Konstitusiyasına aiddir. O bildirib ki, Azərbaycan özünü Birinci Respublikanın varisi kimi tanıyır.

“1919-cu ilin noyabrında Azərbaycan Respublikası Antantaya öz inzibati-ərazi xəritəsini təqdim edib və bu xəritədə Azərbaycanın tərkibində Ermənistan Respublikasının Zəngəzur (Syünik) və Vayots Dzor vilayətləri tamamilə, eləcə də Ararat, Armavir, Geqarkunik, Tavuş, Lori və Şirak vilayətlərinin bəzi hissələri daxil edilib.

Ümumi götürdükdə, bu xəritə Ermənistanın hazırkı ərazisinin təxminən 60%-ni əhatə edir. Bu istinada əsasən, Azərbaycanın Konstitusiyasında Ermənistan Respublikasına qarşı ərazi iddialarının mövcud olduğu açıq şəkildə görünür”.

Ermənistan isə Azərbaycanın Konstitusiyasını dəyişdirmə məsələsini qaldırmır. Nikol Paşinyan bunu iki səbəblə izah edir.

Birincisi, o hesab edir ki, belə bir tələb Ermənistan-Azərbaycan sülh prosesini dalana dirəyə bilər.

İkincisi isə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsində tərəflərin daxili qanunvericiliklərinə istinad edərək müqavilənin icrasını pozmaq imkanına malik olmadığını bildirən maddə var.

 Sülh müqaviləsinin razılaşdırılmış hissəsinin başqa bir maddəsi isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını, qarşılıqlı olaraq ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini qeyd edir.

Ermənistanın daxili prosedurlarına gəldikdə isə, “Sülh müqaviləsi” imzalanıb Konstitusiya Məhkəməsi və parlamentdən keçərək ratifikasiya olunduqdan sonra, Paşinyanın dediyinə görə, bu müqavilə Ermənistan qanunları üzərində hüquqi üstünlük qazanacaq və bu, Azərbaycan üçün də analoji şəkildə keçərlidir.

Daha çox göstər
Back to top button