BaşlıcaBeynəlxalq

COP29 yekun sənədi razılaşdırıldı. İnkişaf etməkdə olan ölkələr 300 milyard dollarlıq yardımın kifayət etmədiyini deyirlər

COP29 İqlim Dəyişikliyi Konfransının iştirakçıları kasıb ölkələrə iqlim yardımlarını artırmaq barədə razılığa gəliblər.

2035-ci ilə qədər sənaye ölkələri tərəfindən bu məqsədlər üçün illik ayrılacaq vəsaitin həcmi 300 milyard dollara çatdırılmalıdır.

Bu məbləğ inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini maliyyələşdirmək və tez-tez baş verən quraqlıqlar, fırtınalar və daşqınlar kimi qlobal istiləşmə nəticələrinə uyğunlaşmağa imkan yaratmalıdır.

Hindistan razılaşmaya qəti şəkildə etiraz edib, lakin qətnamə rəsmi olaraq konsensusla qəbul olunub. Hindistan nümayəndə heyətinin nümayəndəsi Çandni Rayna sənədi “optik illüziya” adlandırıb.

 “Bizim fikrimizcə, bu sənəd bizim hamımızın qarşısında duran böyük problemin həllinə kömək etməyəcək, buna görə də bu sənədin qəbuluna qarşıyıq” – deyə o, sammitin yekun plenar iclasında vurğulayıb.

Bir sıra ölkələrin nümayəndələri çıxış etmək üçün müraciətlərinin nəzərə alınmamasından narazılıq ediblər. Nigeriya nümayəndəsi sənaye ölkələrindən 300 milyard dollarlıq maliyyə yardımını “zarafat” və “təhqir” adlandırıb.

Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Vopke Hokstra qətnaməni müdafiə edib. Rəsmi şəxs bildirib ki, “iqlim maliyyələşdirilməsində yeni dövr” açılır və AB lider rolunu davam etdirəcək. Yeni hədəflər iddialıdır, lakin eyni zamanda realistdir, deyə Hokstra bildirib.

Bakıdakı COP29 iqlim sammiti yekun saziş layihəsi ilə bağlı fikir ayrılıqları səbəbindən uzadılmışdı.

COP29 iştirakçılarının bir çoxu sənaye ölkələrinin 2035-ci ilə qədər illik 250 milyard dollar maliyyə yardımı ayırmaq təklifini qeyri-kafi hesab edib.

Daha çox göstər
Back to top button