Polşa Respublikasının Prezidenti Ermənistanın paytaxtı Yerevana rəsmi səfərə gəlib. Alınan məlumata görə, Polşa Prezidenti Anjey Dudanı gətirən təyyarə Zvarnots hava limanına enib.
Burada onu Ermənistanın Əmək və Sosial Məsələlər Naziri Narek Mkrtçyan, Yerevanın vitse-meri Armen Pambukçyan, Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyan və Polşadakı Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan qarşılayıblar.
Əvvəllər Polşa Prezidentinin rəsmi internet səhifəsində yayılan məlumatda bildirilib ki, Anjey Duda noyabrın 25-dən 27-dək Ermənistana rəsmi səfər edəcək. Qeyd olunur ki, səfər çərçivəsində Prezidentə həyat yoldaşı Aqata Kornhauser-Duda da müşayiət edəcək.
Səfər zamanı Polşa Prezidenti Ermənistan Prezidenti Vahaqn Xaçatryan ilə təkbətək görüş keçirəcək, daha sonra geniş tərkibli nümayəndə heyətləri arasında danışıqlar aparılacaq.
Məlumatda həmçinin bildirilir ki, rəsmi səfər çərçivəsində iki ölkə prezidentləri media nümayəndələri ilə görüşəcək.
“Polşa Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan ilə də görüş keçirəcək” – deyə Polşa Prezidentinin rəsmi internet səhifəsində qeyd olunur.
Xəbərə görə, noyabrın 26-da Polşa Prezidenti Anjey Duda Tsitsernakaberd Memorial kompleksinə baş çəkərək, Erməni Soyqırımının günahsız qurbanlarının xatirəsini anacaq.
Noyabrın 27-də Polşa Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın Avropa Birliyinin müşahidə missiyası ilə birgə patrul xidmətinə qatılmaq üçün Yerasx icmasına səfər edəcək.