Başlıcaİctimaiyyət

Bakı məhkəməsi müstəqil Meydan TV-nin əməkdaşlarını 4 ay müddətinə həbs edib

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və müstəqil jurnalist Ramin Deko barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Həmin cinayət işi üzrə həbs olunan müstəqil journalist Ülvi Tahirov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

“Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” əməkdaşlarından əlavə onlarla birgə saxlanılan digər şəxslərin siyahısı yayılıb. Bu barədə dekabrın 7-də saytın redaktoru Orxan Məmməd məlumat verib. Onun sözlərinə görə, saxlanılanların bəzilərinə zorakılıq olunub və onlardan zorla ifadə almağa çalışırlar.

“Bir-ikisi xaric, digərləri vəkildən məhrumdurlar. Saxlanılanlar arasında foto jurnalist Əhməd Muxtar, media əməkdaşı Ülvi Tahirov, idman jurnalisti Rəşad Ergün, heyvan haqları fəalı Kamran Məmmədli, saxlanılanların yaxınları Elnur Cabbarzadə və Yunis Rzayev var”.

Daha çox göstər
Back to top button