Bloomberg: Rusiya Əsədi Suriyadan qaçmağa razı saldı, qaçışı Rusiya kəşfiyyatı təşkil etdi
Rusiya hakimiyyəti Suriyanın keçmiş prezidenti Bəşər Əsədi müharibəni islamçıların rəhbərlik etdiyi Heyət Təhrir əl-Şam silahlı qruplaşmasına uduzacağına inandırıb və Suriyanı dərhal tərk edəcəyi təqdirdə ona təhlükəsiz təxliyə təklif edib. Bu barədə dekabrın 11-də üç mənbəyə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən ikisi Əsədin qaçmasının Rusiya kəşfiyyatçıları tərəfindən təşkil edildiyini bildirib. Onların sözlərinə görə, kəşfiyyatçılar Suriyadakı Rusiya aviabazasından istifadə edərək Əsədi çıxarıblar. Mənbələrdən biri qeyd edib ki, nəzarətdən yayınmaq üçün Əsədi daşıyan təyyarədə transponder söndürülüb.
Kremlə yaxın mənbə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya kəşfiyyat orqanlarının Əsəd rejiminə qarşı artan təhlükəni nə üçün çox gec olana qədər aşkar edə bilmədiyini öyrənməyi tələb edib.
Bloomberg-in qeyd etdiyi kimi, ilkin olaraq Suriyada rus qoşunları Suriya silahlı qruplarına hücum edərək onları geri itələməyə və Əsəd qüvvələrini gücləndirməyə çalışıb. Lakin Suriya hökumət qüvvələri “çox müqavimət göstərmədikcə” və qruplaşmalar Hələb və Həmanı ələ keçirərək strateji əhəmiyyətə malik Homs şəhərinə doğru irəlilədikcə, Rusiya Əsəd rejimini qoruya bilməyəcəyi qənaətinə gəldi.