BaşlıcaSiyasət

Rəsmi Yerevanın qarşıdakı günlərdə Ermənistan və ABŞ-ın strateji tərəfdaşlıq sazişi imzalayacağı ilə bağlı məlumatı təkzib etmir

 Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu gün konkret detallar açıqlamasa da, Ermənistan-ABŞ əvvəlki razılaşmalarının belə bir sənədin imzalanmasını nəzərdə tutduğunu təsdiqlədi.

“Bizim strateji dialoqumuz var ki, onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşmışıq. Bununla bağlı müzakirə olunan sənəd və ya sənədlər əlbəttə ki, mövcuddur.

 Bu, həmin bəyanatdan irəli gəlir, görüş də müzakirə olunur, planlaşdırılır. Nəticəsi nə olacaq – bunu izləsək, görəcəyik,” – deyə nazir bildirib.

İki ölkənin rəsmi nümayəndə heyətlərinin konkret olaraq nə vaxt və harada görüşəcəyi ilə bağlı isə Ermənistan tərəfi hələlik dəqiq məlumat vermir. “Bir neçə gün gözləyə bilərik, görərik” – deyə Mirzoyan əlavə edib.

Ermənistan və ABŞ-ın gələn həftə Vaşinqtonda sənəd imzalayacağı barədə məlumatı bir gün öncə ABŞ paytaxtından “Respublika uğrunda” partiyasının lideri Arman Babacanyan yayıb.

O, bildirib ki, bu razılaşma bir neçə əsas istiqaməti, o cümlədən təhlükəsizlik sahəsini əhatə edir. Xüsusilə, müdafiə sistemlərinin modernləşdirilməsi, birgə təlimlər və regional sabitlik təşəbbüsləri vasitəsilə Ermənistanın suverenliyini qorumaq üçün daha güclü vasitələr təqdim edir.

Ermənistan-ABŞ münasibətləri bir neçə ay əvvəl ABŞ-ın dövlət katibinin müavini Ceyms O’Brayanın Yerevana səfəri nəticəsində strateji dialoqdan tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Birgə bəyanata əsasən, bu, Ermənistanın iqtisadi və enerji davamlılığının dəstəklənməsini, təhlükəsizlik və hüquq-mühafizə sahələrində əməkdaşlığın gücləndirilməsini, həmçinin ədalət və demokratik institutların təşviqini nəzərdə tutur.

Müdafiə sahəsində isə ABŞ-ın dəstəyinin, iki ölkənin silahlı qüvvələrinin təmaslarının, o cümlədən “Qartal Tərəfdaş 2023” təlimlərinin və digər razılaşmaların əhəmiyyəti vurğulanıb.

Daha çox göstər
Back to top button